Azərbaycan, Bakı, 27 oktyabr /Trend/
Bu gün SOCAR prezidenti Rövnəq Abdullayev Yaponiyanın iqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə naziri, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Trend-in Şirkətin saytına istinadən verdiyi xəbərə görə, görüşdə SOCAR haqqında məlumat verən R.Abdullayev bildirib ki, Yaponiyanın "İtochu" və "İnpex" şirkətləri 1994-cü ildən "Əsrin müqaviləsi" çərçivəsində "Azəri-Çıraq-Günəşli" neft-qaz yatağının işlənilməsində, daha sonralar isə Bakı-Tbilisi-Ceyhan layihələrində iştirak ediblər. Həmçinin SOCAR-ın Türkiyədə inşa etdiyi STAR neft emalı zavodunun tikintisində "İtochu" şirkətinin və bu layihənin maliyyələşdirilməsində Yaponiya banklarının fəal rol oynadığından söhbət açıb, Azərbaycanda reallaşdırılması nəzərdə tutulan Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi (NQNK) layihəsi barədə məlumat verib.
A.Amari Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri kimi ölkəmizə 11 il əvvəl səfər etdiyini və ötən dövr ərzində böyük nailiyyətlərin əldə olunduğunu müşahidə etdiyini vurğulayıb. AÇG və BTC layihələrində uğurlu iştirakında dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirən nazir Azərbaycanda həyata keçirilən bir sıra enerji və neft-qaz, neft-kimya layihələrində Yaponiya şirkətlərinin maraqlı olduğunu və hökumətin bu layihələrdə şirkətləri dəstəklədiyini bildirib.
"İnpex" şirkətinin baş icraçı vitse-prezidenti Seici Yui, "İtochu" şirkətinin icraçı rəhbəri Hiroyuki Fukano təmsil etdikləri şirkətlər haqqında məlumat verib, Azərbaycanda onların fəaliyyəti üçün yaradılan şəraitdən razılıqlarını bildiriblər.
Sonda tərəfləri maraqlandıran məsələlər müzakirə edilib.