...

"BP-Azerbaijan"a yeni vitse-prezident təyin edildi (ƏLAVƏ OLUNUB)

Energetika Materials 18 Dekabr 2015 14:01 (UTC +04:00)

Bakı. Maksim Tsurkov - Trend:

"BP-Azerbaijan"ın "Azəri" yatağında əməliyyatlar üzrə meneceri Elxan Məmmədov şirkətin hasilat üzrə yeni vitse-prezidenti təyin edilib. Bunu Trend-ə şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.

Onun sözlərinə görə, yeni vitse-prezident 2016-cı il yanvarın 1-dən səlahiyyətlərinin icrasına başlayacaq. Bu, işin texniki tərəfi üzrə "BP-Azerbaijan"ın vitse-prezidenti vəzifəsinə təyin edilmiş ilk yerli kadrdır.

E.Məmmədov yeni vəzifəsində Azərbaycan, Gürcüstan və Türkiyədə BP-nin hasilat proseslərinin idarə edilməsinə cavabdeh olacaq.

Bundan əlavə, o, həm də Azəri-Çıraq-Günəşli (AÇG) üzrə Texniki Qrupa sədrlik edəcək. Vitse-prezident vəzifəsində E.Məmmədov yeni vəzifəyə gedəcək Pet Droonu əvəz edəcək və BP-nin regional rəhbər qrupunun üzvü olacaq ki, bu da BP-nin kadrların milliləşdirilməsi planına uyğundur.

E.Məmmədov BP-yə 2001-ci ildə "Çıraq" platformasında nəzarət-ölçü cihazları üzrə texnik kimi qoşulub. Sonra BP-nin Şimal dənizində və Xəzərdəki müxtəlif platformalarında çalışıb. Daha sonra "Çıraq" platformasının meneceri və 2009-cu ildə isə BP-nin Azərbaycan üzrə quru əməliyyatları meneceri təyin olunub. 2013-cü ilin iyun ayından BP-nin "Azəri" sahəsi üzrə əməliyyatlar meneceridir.

O, 2011-ci ildə ABŞ-ın Boston şəhərindəki Massaçusets Texnologiya İnsitutunun Əməliyyatlar Akademiyasını bitirib. Əməliyyatlar üzrə ən yüksək "Pol Martins" mükafatına layiq görülüb, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əməliyyatlar sahəsində ixtisas forumunun sədri və regionun texniki forumunun həmsədridir.

2014-cü ildə E.Məmmədov Azərbaycan Prezidenti tərəfindən ölkənin neft və qaz sənayesinin inkişafına töhfəsinə görə "Tərəqqi" medalına layiq görülüb. Ailəlidir, üç övladı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti