...

Azərbaycanın "Global Energy Solutions" şirkəti Qazaxıstan bazarında fəaliyyətə başlayıb

Energetika Materials 28 Dekabr 2017 15:57 (UTC +04:00)
Global Energy Solutions (Glensol) şirkəti Aktau şəhərində yeni ofis və xidmət mərkəzini açıb.
Azərbaycanın "Global Energy Solutions" şirkəti Qazaxıstan bazarında fəaliyyətə başlayıb

Bakı. Trend:

Azərbaycanda fəaliyyət göstərən, neft-qaz, enerji, su, kimya sənayelərinə kompleks texniki xidmətlər sahəsində aparıcı təchizatçılardan biri Global Energy Solutions (Glensol) şirkəti bu ay Qazaxıstanda öz biznesini genişləndirərək ölkənin neft-qaz sənayesinin mərkəzi olan Aktau şəhərində yeni ofis və xidmət mərkəzini açıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, yeni xidmət mərkəzi ofis və anbar daxil olmaqla ümumilikdə 2000 kv.m. sahəni əhatə edir.

Aktaudakı müəssisə şirkətə bölgədəki müştərilərə yüksək səviyyədə texniki xidmətlər göstərməyə və Qazaxıstanın neft-qaz bazarında fəaliyyətini genişləndirməyə imkan verəcək.

Glensol şirkətinin baş direktoru Tamerlan Əliyev bildirib: “Aktauda yeni ofis və xidmət mərkəzinin açılışı inkişafımızın yeni bir mərhələsi olaraq Glensol şirkətinin yerli və beynəlxalq səviyyədə artan imkanlarını və təcrübəsini nümayiş etdirir. Aktau şəhərinin strateji mövqeyindən faydalanaraq Qazaxıstanda fəaliyyətimizin genişlənməsini gözləyirik".

2012-ci ildə Nobel Oil Services şirkətinin törəməsi kimi yaradılan Glensol neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsi üzrə ixtisaslaşır. Glensol avadanlıqların bütövlüyünün idarə edilməsi, istismar etibarlılığının təmin edilməsi, turbinlərə, klapanlara, nasoslara texniki qulluq və təmir xidmətlərini göstərir. SOCAR, BP və digər böyük şirkətlər onun müştəriləri sırasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti