...

Bərpa olunan enerji layihələri üzrə ilk hərracın keçirilməsi üçün ərazi seçilməsi işlərinə başlanılıb

Energetika Materials 4 May 2022 13:10 (UTC +04:00)
Bərpa olunan enerji layihələri üzrə ilk hərracın keçirilməsi üçün ərazi seçilməsi  işlərinə başlanılıb

Bakı. Trend:

Bərpa olunan enerji layihələri üzrə ilk hərracın keçirilməsi üçün ərazi seçilməsi işlərinə başlanılıb.

Energetika Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, son dövrlər bərpa olunan enerji mənbələrindən istifadə sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər atılmış və görülən işlərin nəticəsi olaraq ötən il “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib.

"Qanuna əsasən ölkəmizdə bərpa olunan enerji layihələrinin daha səmərəli və rəqabətli mühitdə həyata keçirilməsi məqsədilə hərrac qaydasında və həmçinin layihənin strateji əhəmiyyətindən asılı olaraq birbaşa cəlbetmə yolu ilə icrası nəzərdə tutulub. Qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərin icrası çərçivəsində “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nın layihəsi hazırlanıb və hal-hazırda müvafiq dövlət qurumları ilə razılaşdırma mərhələsindədir. Sözügedən sənədin təsdiq olunmasından sonra bərpa olunan enerji layihələri üzrə hərracların təşkili prosesinə başlanılacaq. Hərracların keçirilməsi zamanı əsasən külək və günəş enerjisi üzrə layihələrə üstünlük verilməsi nəzərdə tutulur.

Məlumat üçün bildiririk ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə “Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək” layihəsi həyata keçirilir. Layihə çərçivəsində hərrac qaydaları, hərraclar üçün şərtlər toplusu, həmçinin elektrik enerjisinin satınalma müqavilələrinin hazırlanması nəzərdə tutulub. Bu məqsədlə məsləhətçi şirkətin dəstəyi ilə İxtisas Uyğunluğunun Müəyyənləşdirilməsi Sorğusu (İUMS) və Təkliflər Sorğusu (TS) sənədlərinin layihəsi hazırlanıb və hal-hazırda təkmilləşdirilməsi üzrə zəruri addımlar atılmaqdadır. Bununla yanaşı qeyd etmək istərdik ki, ilk hərracın keçirilməsi üçün layihə ərazisinin seçilməsi prosesinə uyğun olaraq hazırlıq işlərinə də başlanılıb", - Nazirlik qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti