...

Serbiya yaxın gələcəkdə Azərbaycandan ilk qaz tədarükünü planlaşdırır - Nazir

Energetika Materials 3 Fevral 2023 18:07 (UTC +04:00)
Serbiya yaxın gələcəkdə Azərbaycandan ilk qaz tədarükünü planlaşdırır - Nazir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Serbiya yaxın gələcəkdə Azərbaycandan ilk qaz tədarükünü planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə Serbiyanın dağ-mədən sənayesi və energetika naziri Dubravka Cedoviç Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında deyib.

"Serbiya enerji təhlükəsizliyini və iqtisadi inkişafı dəstəkləyən bu böyük zəncirin bir hissəsi olmağa çalışır. Ölkə Cənub Qaz Dəhlizinə qoşulmaqla öz təchizat marşrutlarını diversifikasiya edir", - o deyib.

Nazirin sözlərinə görə, Azərbaycan Serbiyanın illik qaz ehtiyacının üçdə birini təmin etməklə diversifikasiya siyasəti baxımından əsas tərəfdaşlardan birinə çevrilə bilər.

"Tədarük şərtləri Serbiya istiqamətində 1,8 milyard kubmetr ötürücülük qabiliyyətinə malik qaz interkonnektorunun inşası ilə paralel şəkildə aparılır. İnterkonnektorun inşasını bu ilin payızınadək tamamlamağı planlayırıq. Yaxın gələcəkdə Azərbaycandan ilk qaz tədarükünü almağı proqnozlaşdırırıq, lakin bu, həm də əlaqədar bütün tərəflər arasında danışıqların sürətindən asılıdır və biz maksimal effektivliyə nail olacağımıza çox ümid edirik", - o qeyd edib.

Fevralın 1-də Bolqarıstan interkonnektorun tikintisinin başlandığını açıqlayıb. Serbiya bu interkonnektor vasitəsilə Azərbaycan qazını əldə edəcək. Bolqarıstanda Novi-İskardan keçərək Serbiyada Niş şəhərinə qədər uzanan boru kəmərinin istismara verilməsi planlaşdırılır. Bolqarıstan 2023-cü ilin oktyabr ayının sonunadək öz ərazisində 62 km uzunluqda interkonnektorun inşasını tamamlamağı planlaşdırır, Serbiya ərazisindən keçəcək interkonnektorun da payızadək hazır olacağı gözlənilir.

Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropaya nəqli 2020-ci il dekabrın 31-də başlayıb. Dəhliz vasitəsilə qaz Xəzər regionundan Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə nəql olunur.

Bu irimiqyaslı layihə enerji marşrutlarının və mənbələrinin diversifikasiyasına yönəlməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə şərait yaradır. Layihənin dəyəri 45 milyard dollar proqnozlaşdırıldığı halda 33 milyard dollar təşkil edib. CQD layihəsinin kapital xərclərini 8-10 il ərzində gəlirləri hesabına tamamilə qarşılayacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti