Bakı. Trend:
Trans - Ariatik boru kəməri (TAP) son beş ildə Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində həlledici rol oynayıb.
Bunu Trend-ə özəl müsahibəsində Avropa Komissiyasının nümayəndəsi TAP-ın kommersiya istismarının başlamasının beşinci ildönümü münasibətilə deyib.
“O, Avropa İttifaqının enerji təchizatını əhəmiyyətli dərəcədə şaxələndirməklə və siyasi, iqtisadi risklərə məruz qalan ənənəvi marşrutlardan asılılığı azaltmaqla, Azərbaycan qazının Avropa bazarlarına çatdırılması üçün yeni strateji marşrut təmin edib. TAP vasitəsilə təbii qaz tədarükünün etibarlılığı Avropanın enerji bazarının sabitliyini və rəqabətədavamlılığını artırıb ki, bu da xüsusilə Rusiya tədarüklərindən asılılıqla bağlı enerji sahəsində yaşanan çətinliklər dövrlərində həlledici önəm kəsb edib”,- deyə Avropa Komissiyasının nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı enerji mənbələrinin şaxələndirilməsi və 2027-ci ilə qədər Rusiyadan olan fossil yanacaqlardan imtina kursuna sadiq qalır.
“Hazırda həmmüəlliflərlə müzakirə olunan “REPowerEU” Yol Xəritəsi barədə Qayda qeyri-rus tədarükçülər üçün əlavə bazar imkanları açır.
Bu kontekstdə Cənub Qaz Dəhlizinin (CQD) ayrılmaz hissəsi olan TAP təbii qazın Avropaya tədarükü üçün marşrut və mənbələrin şaxələndirilməsinə yönəlmiş strateji xəttdir. Azərbaycanının istehsal və ixrac potensialından istifadə etməklə, TAP Aİ-nin Rusiya boru qazından olan asılılığının azalmasına töhfə verir. Bu cür şaxələndirmə tədarükün dayanması risklərini azaldır, enerji sektorunda rəqabəti gücləndirir və daha əlverişli qiymətlərin formalaşmasına şərait yaradır. Cənub Qaz Dəhlizi çərçivəsində TAP Aİ üçün daha şaxələndirilmiş, etibarlı və təhlükəsiz qaz təchizatı sisteminin yaradılmasına töhfə verir”, – o əlavə edib.
Daha sonra o qeyd edib ki, TAP enerji keçidi dövründə çeviklik və enerji təhlükəsizliyi təmin etmək gücünə malikdir.
“Qaz Avropanın enerji keçidi prosesində və karbon emissiyalarının azaldılması səylərində mühüm keçid yanacağı olaraq qalmaqdadır. TAP-ın rolu son dərəcə önəmlidir - o, sabit qaz təchizatını təmin edir, enerji sisteminin dayanıqlığını dəstəkləyir və daha davamlı enerji gələcəyinə keçiddə körpü rolunu oynayır. Karbonsuzlaşdırma hədəflərinə yaxınlaşdıqca, TAP kimi infrastruktur keçid dövründə çeviklik və təhlükəsizlik təmin edə, bərpa olunan enerji mənbələrinin inteqrasiyasını tamamlaya bilər”,- deyə AK nümayəndəsi bildirib.
O vurğulayıb ki, Avropanın qaz tədarükünü şaxələndirmək və Rusiyadan asılılığı azaltmaq səyləri çərçivəsində Aİ Cənub Qaz Dəhlizi vasitəsilə tədarükü artırmaq niyyətindədir və bu istiqamətdə Azərbaycan hökuməti və CQD üzrə digər tərəfdaşlarla əməkdaşlıq edir.
“Azərbaycanla strateji enerji əməkdaşlığımız Aİ-nin enerji təhlükəsizliyi və karbonsuzlaşdırma sahəsində uzunmüddətli məqsədlərinə nail olunmasında mühüm element olaraq qalacaq.
Bundan əlavə, Azərbaycanın metan emissiyalarının azaldılmasına və regionun elektrik enerji sektorunda qarşılıqlı əlaqənin gücləndirilməsinə sadiqliyi onun enerji keçidi üzrə ümumi səylərdəki rolunu vurğulayır. Azərbaycanın xüsusilə Xəzər dənizindəki zəngin bərpa olunan enerji ehtiyatları Avropanın təmiz enerji sənayesi ilə əməkdaşlıq üçün geniş imkanlar yaradır. Biz əminik ki, bu tərəfdaşlıq hər iki tərəfə daha rəqabətədavamlı və ekoloji enerji həllərinə keçid səylərini gücləndirməyə imkan verəcək və dayanıqlı enerji gələcəyini təmin edəcək”,- deyə Avropa Komissiyasının nümayəndəsi əlavə edib.
TAP-ın genişlənlənməsi barədə
Avropa Komissiyasının nümayəndəsi qeyd edib ki, dəyişən enerji landşaftı fonunda TAP-ın ötürücülük qabiliyyətinin artırılması potensialının öyrənilməsi məqsədilə Aİ maraqlı tərəflərlə sıx qarşılıqlı fəaliyyəti davam etdirir.
“2022-ci ildən etibarən enerji qənaəti tədbirləri və bərpa olunan enerji mənbələrinin payının artması nəticəsində Aİ-də ümumi qaz tələbatı azalıb. Bununla belə, qeyri-rus qazı tələbatın ödənilməsində və enerji təhlükəsizliyinin təmin edilməsində hələ də əsas rol oynayır.
Aİ-nin qüvvədə olan qaydaları artıq Aİ büdcə vəsaitlərinin beynəlxalq fosil layihələrinə investisiya üçün istifadəsinə imkan vermədiyindən, TAP-ın nəqliyyat infrastrukturunun istənilən genişləndirilmə səyləri bazar tələbi və qiymət dinamikası nəzərə alınmaqla kommersiya baxımından əsaslandırılmalıdır. Bu kontekstdə TAP-ın mütəmadi bazar sınaqları marağın qiymətləndirilməsi və əlavə gücün zəruriliyinin şəffaf və ayrı-seçkiliksiz əsasda müəyyənləşdirilməsində əsas rol oynayır”, -deyə AK nümayəndəsi bildirib.
O əlavə edib ki, TAP-ın inkişafı qaz kəmərinin marşrutu boyunca yerləşən ölkələrdə, o cümlədən Yunanıstan və İtaliyada enerji sahəsinə və iqtisadi inkişafa müsbət təsir göstərib.
“Layihə həm tikinti mərhələsində, həm də istismar dövründə minlərlə iş yeri yaradıb, bölgədə iqtisadi fəallığı artırıb və daha sabit qaz tədarükünü təmin edib. Ümumi Avropa enerji şəbəkəsinə inteqrasiya sayəsində bu ölkələr enerji təhlükəsizliyini gücləndirib, regional əməkdaşlığı stimullaşdırıb ki, bu da regionda sabitlik və iqtisadi qarşılıqlı əlaqəni artırıb”,- deyə Avropa Komissiyası nümayəndəsi vurğulayıb.
Xatırladaq ki, 15 noyabr 2020-ci ildə, tikintinin başlanmasından dörd il yarım sonra Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliya ərazisindən keçən 878 kilometrlik qaz nəqli sistemi kommersiya istismarına başlayıb. 31 dekabr 2020-ci ildə TAP ilk qaz həcmlərinin nəqlini həyata keçirib. 2025-ci ilin avqust ayına olan məlumata görə, TAP vasitəsilə Avropaya 50 milyard kubmetr Azərbaycan təbii qazı ixrac olunub. TAP-ın illik ötürücülük qabiliyyəti 10 milyard kubmetrdir və onun 20 milyard kubmetrə qədər artırılması nəzərdə tutulur.
