Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinin Türkiyəyə aid sahəsinin tikintisi cədvəl üzrə ciddi olaraq davam etdirilir və ilin sonunadək Ceyhan limanından ilk tanker Azərbaycan nefti ilə yüklənəcək. Bu barədə Trend agentliyinə BTC Co.-da bildirilib.
Hazırda BTC-yə vurulan qaz Gürcüstan sərhədinə çatır. "Sonra 2 gün ərzində bütün Gürcüstan sahəsinə tam olaraq neft vurulacaq" -deyə BTC Co.-da bildirilib.
Türkiyə podratçılarına yaxın olan mənbələr Trend agentliyinə deyib ki, hazırda Türkiyə sahəsi 95% -dən çox başa çatdırılıb. "Neft Gürcüstan-Türkiyə sərhədinə çatanda bizdə hər şey artıq hazır olacaq.Neft Ceyhan terminalına çatanda biz ölkədəki bütün işləri bitirəcəyik" -deyə mənbələr göstərir.
Türkiyənin "Zaman" qəzeti Ankaradakı hökumət mənbələrinə istinadən yazır ki, Türkiyə BTC-nin tikintisində gecikməyə görə cərimə ödəməyəcək.
"BTC-nin Türkiyə sahəsində tikintinin gecikdirilməsi beynəlxalq konsorsiumun iştirakçıları tərəfindən anlayışla qarşılanır və həmin aspektdə Türkiyəyə qarşı heç bir sanksiya tətbiq edilməyəcək" -deyə qəzet bildirir.
BTC layihəsinin gerçəkləşdirilməsinə dair sazişə əsasən, Türkiyə konsorsiumun iştirakçılarına gecikdirilən hər bir gün üçün $500 min ödəməlidir, gecikdirilmənin ümumi müddəti isə 240 günü ötməməlidir.
Azərbaycan neft sənayesinin ekspertləri Trend agentliyinə deyiblər ki, BTC layihəsinin sərmayəçiləri Türkiyədə boru kəməri tikintisinin gecikdirilməsi məsələsinə anlayışla yanaşa bilmir. "Hər gün boru kəmərində işin gecikdirilməsi həm layihənin kommersiya hissəsinə, həm də onun gələcəkdə cəlb edilməsinə mənfi təsir edəcək" -deyə ekspertlər bildirib.