...

İsrail şirkəti Azərbaycanda qaz anbarlarının genişləndirilməsində iştirak etmək niyyətindədir

Energetika Materials 8 İyun 2006 11:47 (UTC +04:00)

İsrailin Bateman Litwin şirkəti Azərbaycanda qaz anbarlarının genişləndirilməsi ilə bağlı "Azəriqaz" QSC ilə danışıqlar aparır. Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 8-də Bakıda Bateman Litwin şirkətinin baş direktoru Vladimir Boxaçevski məlumat verib. İşlərin ilkin dəyəri $200 mln təşkil edəcək. Bu işlərə qazın vurulması üçün yeni quyuların qazılması, mövcud qaz anbarlarının genişləndirilməsi və qazın vurulması üçün zəruri avadanlığın quraşdırılması daxildir.

Azərbaycanda iki - Qaradağ və Kalmaz qaz anbarlarından istifadə olunur. Bunların ümumi tutumu 1 mlrd-1,1mlrd. kub metr qaza bərabərdir. Görülmüş işlər nəticəsində Qaradağ anbarının tutumunun 2-2,2 mlrd. kub metrə, Kalmaz anbarının isə 1-1,2 mlrd. kub metrə çatdırılması nəzərdə tutulur.

İşlər 2 il ərzində həyata keçirilə bilər.

Dünya Bankı layihənin maliyyələşdirilməsinə maraq göstərir. Vəsaitin bir hissəsini isə Azərbaycan tərəfi ayıra bilər.

Qaz anbarlarının genişləndirilməsində məqsəd Azərbaycanda qaz hasilatının artan həcminin qəbulu və saxlanmasından ibarətdir. Bu işlərin "Şahdəniz" yatağından qaz hasilatının başlanmasından sonra başa çatacağı ilə bağlı prolem yoxdur. Tədarük olunan qaz istehlakçıların artan ehtiyacının ödənilməsinə, o cümlədən yeni abunəçilərin qazla təmin olunmasına yönəldiləcək.

2006-cı il yazın sonlarından başlayaraq "Azəriqaz" SC 2006-2007-ci illərin qış aylarında istifadə etmək üçün qazın yeraltı anbarlara vurulmasını həyata keçririr. Bu il yeraltı qaz anbarlarına təxminən 1 mlrd. 30 mln. kub. metr qazın vurulması nəzərdə tutulur.

Qeyd edək ki, təqdimat mərasimi İsrailin Azərbaycandakı səfirliyi və bu ölkənin Xəzərin neft qaz-sektorunda aparıcı Modcon və Bateman servis şirkətləri tərəfindən təşkil olunub.

Xəbər lenti

Xəbər lenti