...

Dağıstanda Bakı-Novorossiysk kəmərindən neft oğurlayan cinayətkar qruplaşmanın əməlləri neft ixracına təsir göstərməyib

Energetika Materials 18 Avqust 2006 17:17 (UTC +04:00)

Dağıstan ərazisində Bakı-Novorossiysk neft kəmərindən neft oğurlayan cinayətkar qruplaşmanın əməlləri Azərbaycan neftinin həmin boru kəməri marşrutu üzrə ixracına təsir göstərməyib. Bu barədə Trend ə Azərbaycanın Dövlət Neft Şirkətindən xəbər verilib.

Dağıstanda xüsusi əməliyyat zamanı Bakı-Novorossiysk kəmərindən oğurluqla məşğul olan cinayətkar qruplaşma saxlanılıb. Bu barədə Trend RİA "Novosti"nin məlumatına istinadən xəbər verib.

Oğurlanmış neft repsublikanın Karabudaxkent rayonunun Manas qəsəbəsindəki primitiv mini-zavodda emal olunub. Əməliyyat zamanı neft kəmərinin Kayakent rayonunun Pervomaysk kəndinin yaxınlığındakı ərazisində oyulub keçirilmiş yer və orada 1,5 kilometr uzunluğunda ötürücü aşkar edilib. Bu ötürücünün vasitəsilə oğrular nefti magistraldan çəkiblər. Mini-zavodun özündən və kəsilmiş yerdə saxlanmış iki "KamAZ" avtomaşınından 55 ton neft və neft məhsulu götürülüb.

Hazırda beş nəfər saxlanılıb. Onlar İzberbaş şəhərinin, Karabudaxkent, Levaşin və Akuşin rayonlarının sakinləridir. Onların arasında kənd sovetlərindən birinin deputatı da olub. RF CM -in 171 -ci maddəsinin 1-ci hissəsi ("qanunsuz sahibkarlıq") və RF CM-in 158-ci maddəsinin 4-cü hissəsinə əsasən ("oğurluq, mülkiyyətə qarşı cinayət") respublika prokurorluğu tərəfindən saxlanmış şəxslərə qarşı iki cinayət işi qaldırılıb.

İlin əvvəlindən bu, neft məhsullarının qanunsuz dövriyyəsi sahəsində Dağıstan üzrə üçüncü uğurlu əməliyyatdır. Mart və iyun aylarında da analoji cinayətkar qrupların fəaliyyətinin qarşısı alınıb.

Xəbər lenti

Xəbər lenti