Sentyabrın sonunda Polşanın baş naziri Yaroslav Kaçinskinin Vaşinqtona səfəri zamanı Türkmənistan və Qazaxıstan qazının Azərbaycan, Gürcüstan və Türkiyə əraziləri ilə Polşayadək Avropa ölkələrinə tədarükü məsələsinin müzakirəsi gözlənilir. Trend in Avropa parlamentinin rəsmi saytına istinadən xəbər verdiyi kimi, "Texaco" və "Chevron" enerji şirkətləri Nabukko boru kəmərinə 5 mlrd. dollar sərmayə yatırmaq niyyətindədilər.
Məlumata əsasən, ABŞ Rusiya qazından asılılığı azaltmaqda və eyni zamanda, raket əleyhinə sipərlərin inşasında Polşaya yardım edə bilər.
Qeyd edək ki, Polşa Amerika raket zərbələrindən müdafiə sisteminin öz ərazisində yerləşdirilməsi müqabilində Rusiya enerjidaşıyıcılarının tədarükündən asılılığı azaltmağa yardım etməsi üçün ABŞ-a müraciət etmək niyyətindədir. Lakin "Rzeczpospolita" qəzetinin sifarişi ilə aparılmış ictimai rəy sorğusunun nəticələrinə əsasən, polyakların əksəriyyəti Amerikanın raket zərbələrindən müdafiə hərbi bazalarının Polşada yerləşdirilməsinin əleyhinə çıxış edir.