Azərbaycan Dövlət Neft Şirkəti Siemens və Target Petroleum şirkətləri ilə birgə müəssisə yaradıb. Müəssisə tam yatağın qurulmasından dənizdəki platformaların avadanlıqla təchiz olunması və yaxşılaşdırılmasına, qurudakı böyük işlər - qaz-kompressor təsərrüfatının, elektrik təchizatının yaxşılaşdırılmasına qədər geniş spektrli məsələlərlə məşğul olacaq. Trend xəbər verir ki, bu barədə ARDNŞ-dən məlumat verilib. BM həmçinin yataqların hasilatının artırılması üzrə və s. işlərlə də məşğul ola bilər.
"Bu şirkətin böyük imkanları var, çünki həmin birgə müəssisənin nizamnaməsində onun məşğul ola biləcəyi böyük spektrli məsələlər var", - deyə ARDNŞ-dən bildirilib.
"Gələcəkdə müəssisənin qarşısına daha geniş vəzifələr qoyulacaq. Maddi, insan və maliyyə resursları cəlb olunacaq", - deyə ARDNŞ-də qeyd ediblər.
Yeraltı işlərə aid olan hər şey ARDNŞ-in təcrübəsi və Target petroleum şirkətinin qərb texnologiyaları və maliyyə resurslarından istifadə etməklə həyata keçiriləcək, avadanlığı Siemens şirkəti tədarük edəcək və quraşdıracaq. İşlərə sifarişi Dövlət Neft Şirkətinin "Azneft" istehsalat birliyi həyata keçirəcək.
Avadanlıq həm yeni, həm də mövcud platformalarda quraşdırılacaq. Sifarişlərin alınması son mərhələdədir.