Azərbaycan, Türkiyə və Gürcüstanın energetika nazirləri arasında "Şahdəniz" layihəsinin gerçəkləşdirilməsi məsələsi üzrə üçtərəfli görüşün keçirilməsi zərurəti yaranıb. Trend in xəbər verdiyi kimi, bu barədə noyabrın 21-də axşam jurnalistlərlə söhbətində Türkiyənin energetika və təbii sərvətlər naziri Hilmi Gülər bəyan edib.
Onun sözlərinə görə, "Şahdəniz" layihəsinin gerçəkləşdirilməsi üzrə saziş dəyişikliyə məruz qalmasa da, Azərbaycan və Gürcüstan "mavi yanacağa" daxili tələbatlarının artması barədə bildirib. "Hazırda Azərbaycan və Gürcüstan həm Rusiya, həm də bizimlə danışıqlar aparır", - deyə H.Gülər qeyd edib. O bildirib ki, çərşənbə günü gürcüstanlı həmkarı ilə danışıqlar aparacaq.
"Eyni zamanda mən azərbaycanlı həmkarıma da zəng edərək onu İstanbula dəvət edəcəyəm. Burada üçtərəfli görüş - 3 nazirin müşavirəsi keçiriləcək. Görüşün yekunları üzrə biz gələcəkdə necə hərəkət etməyimizlə bağlı qərar qəbul edəcəyik", - deyə nazir qeyd edib. O, görüşün yekunları barədə KİV-ə ətraflı məlumatın veriləcəyini vəd edib.