BP, Azərbaycanda çox mühüm neft və qaz işlənmələri və nəqli layihələrinin əməliyyatçısı kimi, öz tərəfdaşları adından bu yaxınlarda özünün mühəndis-texniki və layihələşdirmə xidmətləri üzrə yerli "Enkotek" şirkəti ilə bağladığı müqavilənin əhatə dairəsini genişləndirib. Trend xəbər verir ki, bu barədə BP şirkətinin cümə axşamı yayılmış məlumatında qeyd olunub.
Müqavilə "Enkotek"lə bağlanmış mövcud müqavilənin dəyərini 1 milyon dollaradək artırmaqla onun müddətinin 2008-ci il mart ayına kimi uzadılmasını təmin edir.
Yeni müqavilə həm yerli şirkətlərə verilən müqavilələrdə iştirak edən şirkətlərin sayının, həm də belə müqavilələrin dəyərinin artırılması vasitəsilə BP və onun tərəfdaşlarının öz layihələrində yerli ehtiyatlardan istifadə etməyi maksimuma çatdırmaq səylərinə uyğundur.
Enkotek genişləndirilmiş müqaviləyə uyğun olaraq "Azəri-Çıraq-Günəşli" (AÇG), "Şahdəniz", Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) qurğularına dəstək vermək üçün kiçik mühəndis-konstruktor işlərini və modifikasiya layihələrini idarə edəcək. Enkotek şirkəti tərəfindən göstərilən xidmətlərə tikinti sahələrinin tədqiqi və yoxlanılması, materiallar və quraşdırma işləri üçün müfəssəl texniki xarakteristikaların və metodların işlənib hazırlanması, eləcə də hərtərəfli resurs və iş icrası planlarının hazırlanması, sənədləşdirmələrin, mühəndis-layihələşdirmə işləri, çertyojların və yerləşdirmə planlarının təmin edilməsi, quraşdırma və istismara vermə işləri üzrə yekun hesabatların hazırlanması daxildir.
Enkotek şirkəti 2000-ci ildə təsis edilib və yaxşı idarə olunan çoxsahəli mühəndis-layihələşdirmə şirkətidir. Şirkət əsasən Azərbaycanın neft və qaz sənayesinə texniki layihələşdirmə xidmətlərini, layihələrin idarə edilməsi, quraşdırma və istismara vermə işlərini təmin edir. Lakin şirkətin səriştəsi yalnız bu sektorla məhdudlaşmayıb, həm də mülki tikinti və digər mühəndis-texniki sahələri əhatə edir.
Enkotek-in digər nailiyyətlərindən biri də neft və qaz sektorunda, eləcə də sənayenin və tikintinin digər sahələrində mühəndis-layihə, dizayn, layihələrin idarə olunması xidmətləri üçün DNI (Den Norske Ieritas) tərəfindən ISO 9001:2000 şəhadətnaməsi almasıdır.
BP, böyük neft-qaz yataqlarının işlənməsi və bölgədə məhsulun ixrac layihələrinin operatoru kimi, öz tərəfdaşlarının adından öz qarşısına yeni ambisiyalı məqsəd qoyub: 2010-cu ilə qədər yerli Azərbaycan şirkətlərinə təqdim olunan müqavilələrin məbləğini iki dəfə artırmaq. Bu məqsədə çatmaq üçün BP və onun tərəfdaşları Bakıda yerli şirkətlərə dəstəyin göstərilməsi və onların BP layihələrində iştirakını təşviq etmək üçün Biznes-mərkəz açıblar. BP və onun tərəfdaşları həmçinin ölkə iqtisadiyyatının müxtəlifləşdirilməsinə dəstəyin göstərilməsi məqsədilə Azərbaycanda qeyri-neft sektorunun və sahibkarlığın inkişafı üçün bir sıra başqa planlar üzərində işləyirlər. Gözlənilir ki, digər təşəbbüslərlə birgə, bu təşəbbüs yeni yanaşmalar yaratmağa və yerli biznesdə şəffaflığı təmin etməyə yardım edəcək.