...

Azərbaycan Dövlət Neft şirkəti Gürcüstanda neft emalı zavodu inşa etmək istəyir

Energetika Materials 22 Yanvar 2007 13:51 (UTC +04:00)

Azərbaycan Dövlət Neft şirkəti (ARDNŞ) Gürcüstanda Kulevi neft terminalının yaxınlığında neft emalı zavodu inşa etmək fikrindədir. Neft emalı zavodunun gücü ildə 5-10 mln. ton təşkil edə bilər. Trend xəbər verir ki, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev AzTV telekanalına verdiyi müsahibəsində bildirib.

ARDNŞ-in ötən ilin sonunda əldə etdiyi terminalın yaxınlığında təxminən 200 hektar torpaq ayrılıb və burada zavodun tikintisi həyata keçirilə bilər.

ARDNŞ Kulevidəki terminalı birinci rübün sonu- ikinci rübün əvvəlində işə salmaq niyyətindədir.

Kulevidəki terminal ARDNŞ üçün Azərbaycandan kənarda alınmış ilk terminaldır.

Hazırda terminalda tikinti işləri gedir. Birinci mərhələdə terminalın gücü ildə 10 mln. ton təşkil edəcək, sonradan isə gücü 20 mln. tona qədər artırmaq mümkün olacaq.

2007-ci ildən etibarən ARDNŞ bu obyektin tam sahibi olur.

Qara dənizin sahilində neft emalı və Qara dəniz hövzəsi ölkələrinə neft məhsullarının satışının təşkili üzrə kompleksin yaradılması üçün bütün icazələr artıq Gürcüstan hökümətindən alınıb.

Layihənin birinci mərhələsinin qiyməti təxminən 150 mln. ABŞ dolları təşkil edəcək.

Yeni terminal 100 min tondan artıq yükgötürmə qabiliyyətinə malik tankerləri qəbul edə biləcək. Kulevidə terminalın tikintisinə Gürcüstan dəmir yolu və Avstriyanın Argomar Oil şirkəti 2000-ci ilin yazında başlayıb. 2002-ci ildə maliyyələşdirmə olmadığından tikinti dayandırılıb. 2004-cü ilin sentyabrında beynəlxalq konsorsium yaradılıb və bura, Argomar Oil ilə yanaşı, bir sıra gürcü və xarici iş adamları daxil olub.

Xəbər lenti

Xəbər lenti