...

"ExxonMobil": "Transxəzər qaz kəməri layihəsində iqtisadi və siyasi aspektlər vacibdir"

Energetika Materials 4 May 2007 13:42 (UTC +04:00)
"ExxonMobil": "Transxəzər qaz kəməri layihəsində iqtisadi və siyasi aspektlər vacibdir"

Qazaxıstan,Astana/müxbir Trend K.Konırova/ Transxəzər qaz kəməri layihəsinin reallaşdırılmasında texniki məsələlər iqtisadi və siyasi aspektlərdən az problemlidir. Bu barədə Amerikanın "ExxonMobil" şirkətinin İqtisadi və energetika məsələləri üzrə şöbəsinin rəisi Skott Nauman bəyan edib.

"Qazaxıstanda 10 il bundan əvvəl olmuşam və sonuncu dəfə müzakirə apardığımız mövzu Xəzər dənizindən keçən boru kəməri haqqında olub" - deyə şirkət nümayəndəsi bildirib.

O, xatırladıb ki, istənilən boru kəmərinin tikintisi barədə söhbət getdikdə, hər zaman "texniki, iqtisadi və siyasi məsələlər mövcud olur".

"Bütün bu problemlər 10 il əvvəl də mövcud olub və bu gün də qalmaqdadır. Deyərdim ki, texniki məsələlər digər məsələlərdən daha az problemlidir. Qaz kəmərini Xəzərin dibində tikmək olar. Boru kəmərləri ilk növbədə iqtisadi cəhətdən özünü doğrultmalıdır, lakin geosiyasi məsələni də diqqətdə saxlamaq lazımdır. Bu layihənin gələcəkdə geosiyasi aspektinin necə həll olunacağını təsəvvür etmək hazırda mənim üçün çətindir" - deyə Nauman bildirib.

Onun sözlərinə görə, "ExxonMobil" karbohidratların hasilatında Azərbaycan və Qazaxıstanın potensial imkanlarına olduqca nikbin baxır.

"Qazaxıstanda çoxlu neft və qaz ehtiyatları var. "Karaçaqank", "Tengiz" və "Kaşaqan" kimi layihələr hətta dünya miqyası nöqteyi-nəzərindən çox iri layihələrdir. İnanırıq ki, Qazaxıstanda hasilat həcmi 2030-cu ilədək artacaq. Biz, Qazaxıstanda karbohidratların potensial hasilatı ilə bağlı kifayət qədər nikbinik. Biz, həmçinin böyük neft və qaz ehtiyatlarına malik Azərbaycanın potensial imkanlarına münasibətdə də nikbinik" - deyə o bildirib.

"ExxonMobil" Azərbaycanda iki layihədə təmsil olunub: "Azəri-Çıraq-Günəşli" (8 faiz) və "Araz-Alov-Şərq" (15 faiz). Sonuncu layihə Azərbaycan və İran arasında Xəzərin statusu ilə bağlı qərarın qəbul olunmasına qədər dondurulub.

Əvvəllər "ExxonMobil" "Naxçıvan", "Zəfər-Məşəl" və "Oğuz" layihələrində iştirak edib. Layihələr karbohidrat həcmlərinin kommersiya cəhətdən cəlbedici olmaması səbəbindən bağlanıb.

Xəbər lenti

Xəbər lenti