...

Nazir: "Türkmənistan üçün "Kəpəz" yatağını Azərbaycanla birgə istismar etmək sərfəlidir"

Energetika Materials 16 İyun 2007 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Rəsmi Bakı əmindir ki, Türkmənistan üçün Xəzərdə "Kəpəz" yatağını Azərbaycanla birgə istismar etmək sərfəlidir. Çünki Azərbaycanda dəniz yataqlarının işlənilməsi ilə bağlı kifayət qədər güclü infrastruktur mövcuddur.

Bu sözləri Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev deyib. "Azərbaycanda bu cür yataqların işlənilməsi üçün bütün imkanları var" - deyə o bildirib.

Əliyevin sözlərinə görə, bu layihənin reallaşdırılması üçün ilk növbədə Xəzər dənizinin hüquqi statusunu müəyyənləşdirmək gərəkdir. BMT konvensiyaları, habelə dünyada qəbul olunmuş norma və təcrübəyə əsasən dənizin dibini bölən orta xətt müəyyənləşdirilməlidir.

Bununla belə nazir hesab edir ki, orta xəttin müəyyənləşdirilməsi hələ məsələnin həlli demək deyil.

Orta xəttin riyazi hesablamalar yolu ilə müəyyənləşdirilməsindən sonra dövlətlər arasında onun modifikasiyası ilə bağlı danışıqlar aparılır. Əgər sərhəd strukturları ilə bağlı mübahisəli məsələlər varsa, dövlətlər arasında razılaşdırılmış modifikasiya xətti müəyyənləşdirilir.

"Biz öncədən onu bilirik ki, beynəlxalq hüquq normalarına əsasən, "Kəpəz" sərhədyanı strukturdur" - deyə nazir vurğulayıb.

"Kəpəz" yatağındakı neft ehtiyatları 50 mln. ton həcmində dəyərləndirilir. Yataq SSRİ dönəmində azərbaycanlı neftçilər tərəfindən kəşf edilib. O vaxtlar bu yataq "Aralıq" adlandırılırdı, çünki Azərbaycanla Türkmənistan arasından keçirdi.

Xəbər lenti

Xəbər lenti