...

Metyu Brayza: "Energetika sahəsində konfrontasiya deyil, rəqabət istiqamətində ilk addımı Azərbaycan atıb"

Energetika Materials 30 İyun 2007 13:50 (UTC +04:00)
Metyu Brayza: "Energetika sahəsində konfrontasiya deyil, rəqabət istiqamətində ilk addımı Azərbaycan atıb"

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ Azərbaycan energetika sahəsində konfrontasiya deyil, rəqabət istiqmətində addım atan ilk ölkədir. Bu barədə cümə günü ikinci Avropa Şurası-Atlantik Tərəfdaşlıq (AŞAT) Təhlükəsizlik Forumunda ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya işləri üzrə bürosunun rəhbəri Metyu Brayza bildirib.

Azərbaycan hazırda BTC kəməri ilə Türkiyəyə yüngül neft ixrac edir. Yaxın zamanlarda Cənubi Qafqaz qaz kəməri (SCP) ilə Türkiyəyə "Şahdəniz" yatağından qaz tədarükünün başlanacağı gözlənilir.

Onun sözlərinə görə, Azərbaycan artıq öz kəməri ilə Avropaya qaz ixrac etmək üçün ilk cəhdini edib. Bu təşəbbüs həm Azərbaycan, həm Türkiyə, həm də Gürcüstana məxsusdur. O qeyd edib ki, hazırda Türkiyə ərazisindən keçməklə Azərbaycandan qazın Yunanıstana nəqli haqda müzakirələr aparılır.

"Təəssüf ki, ABŞ-ın Azərbaycanda bir dənə də olsun qaz şirkəti yoxdur, amma tezliklə bu olmalıdır. Və biz tezliklə Heydər Əliyehv tərəfindən təklif olunan "Şərq-Qərb" dəhlizini aça bilərik" - deyə Brayza qeyd edib.

O həmçinin bildirib ki, digər mühüm bir layihə də Azərbaycandan başlayan Nabukko qaz kəməridir.

"Energetika sahəsində ölkələr arasında konfrontasiya yox, rəqabət olmalıdır" - deyə Brayza əlavə edib.

AŞAT Təhlükəsizlik Forumu bir növ NATO-ya üzv və tərəfdaş ölkələrin qeyri-formal sammitidir. Forumun əsas mövzusu: "Sülh və stabilliyə yardım: cari çağırışlar və qərarlar"dır. Tədbirin gedişində əsas diqqət Əfqanıstan və Balkanlarda sabitliyin təmin olunması ilə bağlı problemin müzakirəsinə ayrılıb.

Xəbər lenti

Xəbər lenti