...

Gürcüstan 100 faiz Azərbaycan qazı ilə təchizata keçə bilər

Energetika Materials 14 Avqust 2007 18:09 (UTC +04:00)
Gürcüstan 100 faiz Azərbaycan qazı ilə təchizata keçə bilər

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirtsxalia/ "Kaztransqaz-Tbilisi" şirkətinin baş direktoru Qriqori Koyava bu gün Tiflisdə qazax investorlarla birgə keçirilən mətbuat konfransında bəyan edib ki, ola bilsin ki, Gürcüstan 100 faiz Azərbaycan qazı ilə təchizata keçsin.

"Biz indi yalnız Azərbaycandan qaz alırıq. Əgər biz bu tədarükçünü gələcəkdə də saxlaya bilsək, 2008-ci ildə əhali üçün qazın tarifləri azalacaq"- deyə o söyləyib.

Gürcüstan Azərbaycan qazının min kubmetrini 120 dollara, Rusiya qazını isə 235 dollara alır. Rusiyadan alınan qazın baha olması hesabına bu ilin yazında əhali üçün tariflər 1 kubmetrə görə 34,2 tetridən 50 tetriyə qədər artırılıb.

Koyava bildirib ki, qışda qaza tələbat artır və alternativ mənbə axtarışı tələb olunur. O hesab edir ki, rus qazından ucuz olan iran qazının tədarükünü təşkil etməklə tariflərin artırılmasından qaçmaq olar.

"Əgər İran qazı ucuz və keyfiyyətli olacaqsa, o zaman Rusiya qazınadan tamamilə imtina etmək mümkün olacaq", - deyə Tiflisdə olan "Kaztransqaz" baş direktoru Serik Sultanqaliyev bildirib. O qeyd edib ki, vəziyyətin bu cür inkişaf etməsinə baxmayaraq şirkət mümkün qaz tədarükü barədə "Qazprom"la danışıqlar aparır.

İrandan qaz alınmasının Gürcüstan hökuməti ilə ABŞ arasında problem yarada biləcəyi ilə bağlı suala cavab olaraq isə həm Sultanqaliyev, həm də Koyava qeyd ediblər ki, bu halda İran qazı bütün tərəflərin ala biləcəyi maldır. Qazax investor bildirib ki, həm Rusiyada, həm də Azərbaycanda anlayırlar ki, bir neçə təchizat mənbəsinin olması sabit qaz tədarükünü təmin edir.

Xəbər lenti

Xəbər lenti