Bakı. Trend:
Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunun birinci günü başa çatıb.
Trend xəbər verir ki, forumun əsas mövzuları arasında rəqəmsal transformasiya (rəqəmsal və neobanklar), məlumat və analitika ilə iş strategiyası, ödəniş mənzərəsinin təkamülü (təmassız texnologiyalara keçid), ani, fasiləsiz və uyğun beynəlxalq ödənişlər, mərkəzləşdirilməmiş maliyyə (DeFi) inqilabı, bulud sistemləri və köhnəlmiş texnologiyalar üçün alternativlər, kibertəhlükəsizlik, sabitlik və dayanıqlılıq prizmasından rəqəmsallaşma, ekoloji və dayanıqlı bankçılıq xidməti (ESG) məsələləri var.
Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Xəlilov tədbirdə bildirib ki, Azərbaycanda "Yaşıl taksonomiya" dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün güclü baza yaradacaq.
“Azərbaycan bank sektoru iqlim dəyişikliyinə qarşı mübarizədə dayanıqlı inkişafı dəstəkləmək üçün iki milyard manat vəsait ayırmaq öhdəliyini üzərinə götürüb. Xüsusilə qeyd etmək istəyirəm ki, bu məqsədlərə uğurla nail olmaq üçün ölkəmizdə "Yaşıl taksonomiya" qəbul edilib. "Yaşıl taksonomiya" investisiyaların ekoloji təsirini qiymətləndirməyə və maliyyə axınlarını ekoloji baxımdan davamlı layihələrə yönləndirməyə imkan verən mühüm çərçivədir. Bu addım təkcə bank sektorunun ekoloji məsuliyyətini artırmaqla qalmır, həm də dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün güclü baza yaradır.
Əminəm ki, banklarımız milli inkişafın əsas prioritetlərindən biri olan yaşıl iqtisadiyyata keçidi dəstəkləmək üçün bütün səylərini göstərəcək”, - deyə V.Xəlilov vurğulayıb.
Türkiyənin Bank Nəzarəti və Tənzimlənməsi İdarəsinin sədr müavini Mustafa Aydın isə bildirib ki, Azərbaycan rəqəmsallaşma və fintex ekosisteminin inkişafı sahəsində böyük potensiala malikdir.
“Güclü iqtisadi struktur və innovasiyalara açıqlıq bank sektorunda regional liderlik üçün imkanlar yaradır. Azərbaycanın rəqəmsal bankçılıq sahəsində atdığı addımlar təkcə daxili bazarda deyil, beynəlxalq səviyyədə də diqqət çəkir. Rəqəmsal ödəniş sistemlərinin və təhlükəsiz maliyyə xidmətlərinin iqtisadi inkişaf və maliyyə azadlığı baxımından önəmi aydındır.
Türkiyə ilə Azərbaycan arasında bu sahədə əməkdaşlıq, o cümlədən birgə layihələr və bilik mübadiləsi, hər iki ölkənin bankçılıq və fintex sahəsindəki mövqeyini gücləndirə bilər. Türkiyənin ödəniş sistemləri və rəqəmsal bankçılıq sahəsində təcrübəsi, güclü tənzimləyici baza və innovativ həllərlə dəstəklənərək, Azərbaycan üçün nümunə ola bilər”, - deyə M.Aydın qeyd edib.
Öz növbəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev qeyd edib ki, Azərbaycanda milli ödəniş sistemi (AZİPS, XÖHKS və AÖS) vasitəsilə emal olunan əməliyyatların həcmi artıb.
“Dayanıqlı və təhlükəsiz bankçılığın təmin edilməsinin əsas amillərindən biri rəqabətədavamlı rəqəmsal ödəniş ekosisteminin inkişafıdır. Son üç il ərzində milli ödəniş sistemi (AZİPS, XÖHKS və AÖS) vasitəsilə emal olunan əməliyyatların həcmi 3,6 dəfə artaraq cari ilin 10 ayı ərzində 606 milyard manata çatıb. Ölkə daxilində ödəniş kartlarından istifadə edərək aparılan əməliyyatların 63,8 faizi nağdsız ödənişlərdən ibarətdir.
Ödəniş xidmətləri sahəsində qanunvericilik bazasının inkişafı 14 elektron ödəniş təşkilatının, 8 ödəniş təşkilatının və 1 ödəniş sistemi operatorunun fəaliyyətini lisenziyalaşdırmağa imkan yaradıb. Ani Ödənişlər Sisteminin infrastrukturunun modernləşdirilməsi, açıq bankçılıq platformasının formalaşdırılması və innovativ həllər üçün sandbox rejiminin tətbiqi diqqət mərkəzində qalır”, - deyə Z.Nuriyev vurğulayıb.
Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxış edərək vurğulayıb ki, Azərbaycan bankları ekoloji, sosial və idarəetmə (ESG) standartlarına əsaslanan inkişafı dəstəkləyən strategiyalar hazırlamalıdır.
“Azərbaycanda banklar ölkə iqtisadiyyatının əsas dayaqlarından biridir və dayanıqlı bankçılıq üçün ESG standartlarına əsaslanan inkişafı dəstəkləyən strategiyalar hazırlamalıdırlar. Banklar "yaşıl maliyyələşmə"ni və dayanıqlı layihələri təşviq etməklə cəmiyyətin gələcəyinə töhfə verə bilərlər. Azərbaycan Mərkəzi Bankı tərəfindən qəbul edilən "yaşıl taksonomiya" maliyyə sektorunda dayanıqlı inkişaf və "yaşıl keçid" üçün strateji məqsədlərin həyata keçirilməsi baxımından vaxtında atılmış mühüm addımdır. Bu sənəd iqtisadiyyatın müxtəlif sektorları üzrə yaşıl fəaliyyət növlərini, alt növləri və texniki təsnifat meyarlarını müəyyən edir və 10 sektoru əhatə edir”, - deyə V.Qasımlı bildirib.
Qeyd edək ki, Beynəlxalq Bankçılıq Forumu sabah öz işinə davam edəcək.