Bakı. Trend:
Antropogen qlobal istiləşmənin təxminən 30 faizinin səbəbi metandır və əgər biz metan emissiyalarını tez bir zamanda azalda bilsək, dünya yaxın onilliklərdə çox daha ekoloji təmiz olacaq.
Trend xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi üzrə Fondun (EDF) baş elmi işçisi, professor Stiven Hamburq “Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi” çərçivəsində keçirilən “Metanla bağlı irəliləyiş: Qlobal metan emissiyalarının azaldılması üzrə təşəbbüs (AGMR)” adlı konfransının panelində bildirib.
Onun sözlərinə görə, metanın atmosferdəki qalma müddəti nisbətən qısa olsa da, o, təbiətə böyük ziyan vurur və buna görə də onun emissiyalarının azaldılması CO2 emissiyalarının azaldılması qədər vacibdir.
“İqlim üzrə islahatlar həyata keçirilməzsə və metan emissiyalarını azaltmaq üçün tədbirlər görülməzsə, nəticələri ağır olacaq. Hərəkətsizlik bəşəriyyətin yalnız 2100-cü ildə metan emissiyalarının məqbul göstəricilərinə çatmasına səbəb ola bilər, amma gecikmək yolverilməzdir, aktiv tədbirlər lazımdır”, - Stiven Hamburq qeyd edib.
O, metanın CO2-dən daha sürətli yox olduğunu vurğulayıb.
"Enerji sahəsində fəaliyyət göstərən şirkətlər metan emissiyalarının ən çox olduğu sahələrdə emissiyaların izlənməsini artırmalı və onların azaldılması üçün ən yeni texnoloji yollardan istifadə etməlidir”, - əlavə edib.