Bakı. Trend:
COP29 iddiaları və öhdəlikləri real nəticələrə çevirməlidir. Biz iqlim dəyişikliyi ilə bağlı mübarizədə çox mühüm mərhələyə çatmışıq. Birgə səylərimizi əsirgəməməliyik.
Trend xəbər verir ki, bu barədə BMT-nin Baş katibinin müavini Əminə Ceyn Məhəmməd BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) zamanı çıxışında deyib.
O qeyd edib ki, temperaturun biraz daha artmasına mane olmalıyıq.
“Temperaturun daha da artması fəlakətlərə səbəb ola bilər. İnkişaf edən ölkələrin və beynəlxalq maliyyə institutlarının səsini ucaltmaqla nailiyyətlərə imza atmalı, maliyyə boşluğunu bərpa etməliyik.
COP29 iddiaları və öhdəlikləri real nəticələrə çevirməlidir. Paris sazişinə üzv olan hər bir ölkə adaptasiya tədbirləri həyata keçirməlidir. Bütün tərəflərin vahid razılığa gəlmək niyyətini gördüm. Bu hədəflərimizə çatmağı mümkün edir. Zaman bu sazişə uyğun hərəkət etmə zamanıdır. Bakı bu məsələlərin həllinə təkan verəcək. Düşünürük ki, COP29 konkret nəticələr ortaya qoyacaq. BMT bu prosesə dəstək olmağa hazırdır”,- deyə o bildirib.
Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (UNFCCC) ərəfəsində keçirilən Pre-COP29 iclası keçirilir.
Konfrans “Ambisiyaların gücləndirilməsi və fəaliyyətin təmin edilməsi” devizi ilə baş tutur.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer
Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin
qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of
Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan
olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür
razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin
martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.