...

TDT üzv ölkələri üçün yaşıl maliyyə üzrə Türk Şurası yaradılıb

Yaşıl iqtisadiyyat Materials 6 Noyabr 2024 11:19 (UTC +04:00)
TDT üzv ölkələri üçün yaşıl maliyyə üzrə Türk Şurası yaradılıb
Abdullo Janob
Abdullo Janob
Bütün xəbərlər

Bişkek. Trend:

Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələri tərəfindən yaşıl maliyyə üzrə Türk Şurasının yaradılması ilə bağlı Memorandum imzalanıb.

Trend “Qırğız Fond Birjası”na istinadən xəbər verir ki, memorandum Türk Dövlətləri Təşkilatının 11-ci zirvə görüşü çərçivəsində Bişkekdə imzalanıb.

Sənəd Qırğız Fond Birjasının müvəqqəti prezidenti Aida Çodulova, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, "Astana" Beynəlxalq Maliyyə Mərkəzinin rəhbəri Renat Bekturov, Özbəkistan XİN rəhbəri Baxtiyor Saidov və Türkiyə XİN rəhbəri Hakan Fidan tərəfindən imzalanıb.

Məlumatda bildirilib ki, Şuranın əsas məqsədi üzv ölkələrə yaşıl və davamlı maliyyələr və ESG (ekoloji, sosial və korporativ idarəetmə) üzrə investisiyaların inkişafı ilə bağlı məsləhətlərin verilməsi olacaq. Xüsusilə, Şura aşağıdakı tədbirlərin həyata keçirilməsinə dəstək göstərəcək:

- Yaşıl və davamlı maliyyələr üzrə strategiyaların və yaşıl taksonomiyaların hazırlanması;

- Lisenziyalaşdırılmış şirkətlər üçün ESG hesabatlılığı;

- ESG investisiyalarının cəlb edilməsi və davamlı maliyyələşmənin təşviqi;

- Davamlı maliyyə vasitəsilə həyata keçiriləcək layihələr üçün ümumi portfelin yaradılması;

- ESG üzrə regional forumların keçirilməsi;

- Təlim sessiyalarının təşkil edilməsi;

- Yaşıl və davamlı maliyyələr və ESG investisiyalarının inkişafı üçün əlverişli şəraitin yaradılması ilə bağlı digər məsələlərin həlli.

Qeyd olunub ki, memorandumu imzalayan tərəflər TDT üzv ölkələrinin davamlı inkişafa, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, Paris Sazişinin məqsədlərinə və karbon neytrallığına nail olmağa və istixana qazı tullantılarının azaldılmasına sadiq olduqlarını bildiriblər.

Eyni zamanda, tərəflər davamlı iqtisadiyyata investisiyaların cəlb olunmasında vahid kompleks yanaşmanın formalaşdırılmasının vacibliyi barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti