Bakı. Trend:
Azərbaycan ESG standartlarının tətbiqində düzgün yoldadır.
Trend xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) ESG üzrə regional eksperti Boris Cancaliya "Azərbaycanın dayanıqlı inkişafı naminə: Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahid platformanın və milli standartın təqdimatı"na həsr olunmuş Konfransda bildirib.
"Azərbaycan ESG standartlarının tətbiqi məsələlərində düzgün yol tutur. Ətraf mühit, sosial və korporativ idarəetmə hələ də bir çox ölkələr üçün, xüsusən də inkişaf etməkdə olan ölkələrin əlavə çətinliklərlə üzləşdiyi bölgəmizdə problem yaradır. Ancaq hər şeyi düzgün etmək imkanlarımız da var. Azərbaycandakı ESG üzrə Vahid Platforma kimi platformalar mühüm rol oynayır - onlar təhsil və potensialın inkişafını təşviq edir və resurslara açıq giriş təmin edir. Bəzən lazımi informasiyanı əldə edə bilmirik. Belə təşəbbüslər ESG məlumatlarına giriş təmin edir və bu günkü kimi forumlarda fikirlərin mübadiləsini dəstəkləyir. Bu, həqiqətən vacib bir təşəbbüsdür, çünki maariflənmə və potensialın artırılması, məncə, hər hansı bir konsepsiyanın irəliləməsi üçün əsasdır. Bu işə dəstək olan hər kəsə təşəkkür edirəm", - ekspert bildirib.