Bakı. Trend:
Noyabrın 13-də COP29 çərçivəsində iqlim fəaliyyəti və dayanıqlı inkişaf sahəsində əməkdaşlıq mövzusunda liderlərin toplantısı keçiriləcək.
Trend xəbər verir ki, iclas Dünya İqtisadi Forumunun (DİF) 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsi və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə keçiriləcək.
Tədbirdə DİF-in rəhbər şəxsləri, hökumət və özəl sektor nümayəndələrinin iştirakı gözlənilir.
Görüşdə enerji keçidi, təbii resursların idarə edilməsi və iqlim tədbirlərinin gücləndirilməsi sahələrində strateji əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.