...

Azərbaycan İslam Konfransı Təşkilatı İcra Komitəsinin üzvü seçilib

Telekommunikasiya Materials 2 Aprel 2008 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir S.Babayeva / Azərbaycan İslam Konfransı Təşkilatının (İKT) Elm və Texnologiyalar üzrə daimi Komitəsi (COMSTECH) Baş Assambleyasının islamabada keçirilən 13-cü iclasında bu Komitənin əsas orqanı olan İcra Komitəsinin üzvü seçilib. Bu barədə çərşənbə günü Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib. Elm və Texnologiyalar üzrə Komitə 1981-ci ilin yanvarında yaradılıb və hazırda Komityə Pakistan prezidenti Pərviz Müşərrəf sədrlik edir.

Azərbaycanı iclasda Azərbaycan-Pakistan hökumətlərarası birgə komissiyanın üzvü, ölkəmizin COMSTECH-də əlaqələndiricisi, rabitə və informasiya texnologiyaları naziri professor Əli Abbasov təmsil edib. İclas Pərviz Müşərrəfin sədrliyi altında keçirilib.

Plenar sessiyaya sədrlik edən nazir Abbasov Azərbaycanda informasiya texnologiyaları sahəsində keçirilmiş tədbirlər barədə məlumat verib. O, iştirakçılara innovasiya zonalarının yaradılması layihəsi barədə danışaraq, Azərbaycanın təşəbbüsü ilə Şərq və Qərb ölkələri arasında informasiya dəhlizinin yaradılmasının İslam ölkələrində və İKT məkanında texnologiyaların inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb.

Abbasov iclas çərçivəsində COMSTECH-in Baş əlaqələndiricisi və Pakistan Ali Təhsil Komissiyasının sədri Dr. Atta-ur-Rəhman, Pakistan Milli Elmlər Akademiyasının prezidenti İşfaq Əhməd, Pakistanın yeni təyin olunmuş elm və texnologiyalar naziri xanım Təhminə Dövlətana, İranın elm, tədqiqatlar və texnologiyalar naziri cənab Məhəmməd Mehdi Zahidi, Əfqanıstanın kommunikasiya və texnologiyalar naziri Əmirzai Səngin ilə görüşərək elm və texnologiyalar sahəsində aparılan işlər barədə fikir mübadiləsi aparıb və ölkələrimiz arasında bu sahədə əməkdaşlığın inkişaf etdirilməsinin arzu edildiyini bildirib.

Azərbaycan Rabitə Nazirliyinin rəhbəri Abbasov həmçinin prezident Pərviz Müşərrəf və ölkənin yeni seçilmiş Baş naziri Yusif Raza Gilani ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti