Azərbaycan, Bakı, 28 noyabr/ Trend müxbir S.Babayeva/ HP şirkəti və onun tərəfdaşları - Colvir və Sinam-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azerpocht Dövlət Müəssisəsi (DM) üçün quraşdırdığı avtomatlaşdırılmış korporativ informasiya sisteminin ilk sınaq işləri uğurla başa çatıb.
Bir neçə gün əvvəl, "pul köçürmələri" modulu çərçivəsində, Azerpocht-un №1 poçt filialının №10 poçt şöbəsində real vaxt rejimində şəhər telefon ödənişlərinin qəbulu üzrə ilk əməliyyatlar həyata keçirilib, - nazirlikdən cümə günü bildiriblər.
"Aşkar edilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra filialın mərkəzi poçt şöbəsi də sistemə qoşulub", - idarədən dəqiqləşdiriblər.
Bundan başqa, APUS sistemi üzrə kommunal ödənişlərin qəbulu əməliyyatları ilə sınaq işləri aparılıb. Nəticədə nəzərdə tutulmuş format üzrə APUS və avtomatlaşdırılmış korporativ informasiya sistemi arasında normal informasiya mübadiləsi təmin edilib.
Yaxın vaxtlarda sistem və ya informasiya mübadiləsi formasında rabitə operatorları - Azercell, Bakcell, Ultel və Catel-in telefon ödənişlərinin qəbulu həyata keçiriləcək.
Sistem gələn ilin sentyabrında tam istismara veriləcək.
Azerpocht-da avtomatlaşdırılmış korporativ informasiya sistemi Dünya Bankının (DB) Azərbaycan hökuməti ilə birgə layihəsi çərçivəsində yaradılır. Layihənin ümumi dəyəri 17,5 mln. dollar təşkil edir. DB 12,25 mln. dollar məbləğində kredit ayırır. Qalan vəsaitlər isə Azərbaycan hökumətinin payına düşür. Layihənin məqsədi ölkənin poçt şəbəkəsində maliyyə xidmətlərinin tətbiq edilməsidir.