...

Azərbaycan informasiya-kommunikasiya texnologiyaları üçün regional mərkəz olmaq niyyətindədir – Azərbaycan prezidenti

Telekommunikasiya Materials 3 Fevral 2009 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 fevral / Trend / Azərbaycan iqtisadiyyatının inkişaf strategiyasının əsas məqamları şaxələndirmə və modernləşdirmə, iqtisadiyyatın enerji sahəsindən asılılığının azaldılması və ölkəmizin dayanıqlı inkişafının təmin olunmasından ibarətdir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev CNBS telekanalına müsahibəsində bildirib. Müsahibənin mətni "AzərTAc" Dövlət Agentliyinin saytında yerləşdirilib.

"Bununla bağlı müasir texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları, təhsil, əhalinin məşğulluğu, yoxsulluğun azaldılması, səhiyyə və digər sahələr prioritet təşkil edir. Bütün bunlar həyatımızın sosial sektorunu əhatə edir", - deyə İlham Əliyev bildirib.

Azərbaycan bütün bu sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində əhəmiyyətli inkişafa nail olub. Dövlət başçısı qeyd edib ki, hazırda informasiya-kommunikasiya texnologiyaları iqtisadiyyatımızın ən prioritet sahələrindəndir.

"Biz hazırda güclü iqtisadiyyatı, maliyyə imkanları, güclü intellektual potensialı olan ölkə qurmağı qarşımıza məqsəd qoymuşuq. Neftdən əldə etdiyimiz gəlirlər insan kapitalına sərmayə yatırmağa imkan verir. Bu gün informasiya-kommunikasiya texnologiyaları dünyada iqtisadiyyatının ən perspektivli sahələrindən biridir. Bu, təkcə iqtisadiyyat deyil, həm də bilikdir, təhsildir, ümumi inkişaf və müasirləşmədir", - deyə Azərbaycan prezidenti bildirib.

Hazırda respublika peyk buraxmaq, kosmos sənayesi yaratmaq ərəfəsindədir. Ölkə informasiya-kommunikasiya texnologiyaları sahəsində şirkətlərin Azərbaycanı bu sahə üzrə regional mərkəz seçməsi üçün şərait yaradılmasını planlaşdırır.

"Regional mərkəz olmaq üçün yalnız arzunun olması kifayət deyil, burada birgə səylər lazımdır. Birinci əsas vəzifə, dövlətin bu işə fəal cəlb olunması, dövlət tərəfindən təşəbbüslər və dövlət informasiya-kommunikasiya texnologiyaları proqramı ilə bağlıdır. İkinci əsas vəzifə isə, iqtisadiyyatın liberallaşdırılması, əlverişli sərmayə mühitinin yaradılmasından ibarətdir. Daha sonra, əlbəttə ki, əlverişli coğrafi mövqeyimizdən səmərəli istifadə edərək, regional mərkəzə çevrilmək. Necə ki, biz bunu nəqliyyat və enerji sahələrində etdik", - deyə İlham Əliyev bildirib.

Dövlət başçısının sözlərinə görə, informasiya-kommunikasiya texnologiyaları sektorunda nəzərdə tutulan işlər Azərbaycanı inkişafın yeni mərhələsinə gətirib çıxaracaq.

"Gələcək neft və qaza deyil, texnoloji inkişafa məxsusdur. Neft və qaz ehtiyatları tez və ya gec tükənəcək, bilik və texnologiya isə hər zaman inkişafda dominantlıq edəcək. İndi dünyanın aparıcı ölkələri informasiya-kommunikasiya texnologiyaları sektoruna sərmayə yatıran, ən qabaqcıl texnoloji imkanlara malik olan ölkələrdir", - deyə Azərbaycan prezidenti bildirib.

Texnoparklar və regional innovasiyalar dövlətin İKT proqramında nəzərdə tutulub.

"Biz dövlət tərəfindən ilkin sərmayə qoyuluşuna hazırıq. Əlbəttə ki, biz xarici və yerli sərmayələrin qoyuluşundan da məmnun olardıq. Lakin bu işlərə təkan vermək, başlamaq üçün biz bütün hazırlıq işlərini həyata keçirməli, infrastruktur yaratmalı, investisiyanı təmin etməliyik. Enerji layihələri üçün cəlbedici olmağı bacardığımız kimi, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı üçün də cəlbedici olmalıyıq", - deyə İlham Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti