...

Azercell-in rəhbəri Telecoms World Russia and CIS-2009 konfransında çıxış edəcək

Telekommunikasiya Materials 26 Fevral 2009 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral / Trend / Azərbaycanın GSM-operatoru "Azercell Telekom" MMC-nin prezidenti Ali Ağan MDB dövlətləri və Avrasiyanın telekommunikasiya liderlərinin iştirakı ilə fevralın 24-27-də Moskvada keçirilən "Telecoms World Russia & CIS 2009" konfransında məruzə ilə çıxış edəcək.

"Konfransın Avrasiya regionuna həsr olunmuş gününün əsas çıxışçısı olan Ali Ağan "İnkişaf edən ölkələrin iqtisadi artımında telekommunikasiya sektorunun rolu" mövzusunda məruzə ilə çıxış edəcək", - şirkətin məlumatında deyilir.

Forumda çıxışlarla yanaşı, müxtəlif təqdimatlar keçiriləcək, İT sahəsindəki yeni məhsullar və xidmətlər nümayiş etdiriləcək, yeni texnologiyalar barədə məlumat veriləcək. Konfrans günlərində işçi görüşlər zamanı yeni texnologiyaların gələcəyin tendensiyalarına təsiri araşdırılacaq, iştirakçıların yeni biznes əlaqələri qurmaq və mövcud peşəkar münasibətləri möhkəmləndirməsi üçün imkanlar yaradılacaq.

Bununla yanaşı, konfransda ən çox müzakirə olunan mövzular biznesin Rusiya sərhədlərinə çıxarılmasının maliyyələşdirilməsi və istehlakçılara yeni məhsul və xidmətlərin təklifi, ARPU-nun [Average Revenue per User] yeni əlavə mobil xidmətlərin təklifi yolu ilə artırılması, 4G və NGN şəbəkələrinin buraxılış bacarığının artırılmasına olan tələblərin ödənilməsi, yeni gəlirlərin əldə olunması üçün yeni texnologiyaların kommersiyalaşdırılması və başqalardır.

Forumun işində Rusiya, MDB və digər vacib beynəlxalq telekommunikasiyalar şirkətlərinin rəhbərləri, xidmət, proqram təminatı və avadanlıq tədarükçüləri, sərmayə bankirləri və fondların menecerləri, eləcə də nazirlik və qurumların rəhbərləri iştirak edirlər.

"Bizim bu nüfuzlu konfransda iştirakımızın əsas məqsədi ölkəmizi təmsil etmək, bütün dünyanı bürüyən iqtisadi böhran fonunda inkişafımızın davamlılığı barədə məlumat verməkdir", - deyə Ağan bildirib.

Azercell Telecom Azərbaycanın ən böyük mobil şirkətidir. Onun abunəçilərinin sayı 3,5 milyon nəfəri ötüb.

Xəbər lenti

Xəbər lenti