Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir H.Vəliyev/
Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU - International Telecommunication Union) və GeSI Ekoloji davamlılıq üzrə qlobal təşəbbüs (Global e-Sustainability Initiative) öz məruzəsində ətraf mühitə təsir üzrə milli layihələrdə informasiya-kommunikasiya texnologiyalarından (İKT) səmərəli istifadəyə çağırır. Bu barədə İTU-nun məlumatında deyilir.
Məruzə dekabrın 6-da Cenevrədə öz işinə başlayan və dekabrın 10-dək davam edəcək Ümumdünya radioəlaqə seminarının (World Radiocommunication Seminar 2010 - WRS-10) gedişində təqdim olunub.
Azərbaycanı seminarda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi təmsil edir.
ITU və GeSI məruzəsində göstərilir ki, İKT istixana qazları tullantılarının azalmasında, eləcə də ölkələrə iqlim dəyişikliklərinə uyğunlaşmada kömək göstərilməsində əsas rol oynayır.
ITU ətraf mühitə təsirlərin azaldılmasının mümkün olması ilə bağlı məqsədlərə nail olmaq üçün konkret nümunələrlə çıxış edib.
Məruzədə deyilir ki, bu məqsədlərə daha səmərəli avadanlıq və şəbəkələrin tətbiqi, eləcə də enerjiyə tələbatın əsaslı şəkildə azaldılması (nəticə etibarilə, istixana qazları tullantılarının azaldılması) yolu ilə çatmaq olar ki, bu da enerji sistemlərinin səmərəli işinin maksimum artırılmasına səbəb ola bilər.
Sənəddə genişzolaqlı şəbəkələrin hesablama güclərinə də böyük önəm verilir. ITU və GeSI mütəxəssislərinin fikrincə, onlar ətraf mühit monitorinqləri zamanı əldə olunan məlumatların təhlilində və nəticələrin verilməsində cox vacibdirlər.