Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir H.Vəliyev/
"Aztelekom" İstehsalat Birliyinin Gəncə telekommunikasiya qovşağının (TKQ) nömrə tutumunun yeddirəqəmli sistemə keçirilməsi 2011-ci ilin yanvarının ikinci rübünə gözlənilir. Bu barədə bazar ertəsi Trend-ə Gəncə TKQ rəisinin köməkçisi Elşad Əliyev deyib.
Əliyevin sözlərinə görə, yeddirəqəmli sistemə keçid üzrə işlər bu günlərdə tamamlanacaq ümumi telefon şəbəkəsi tam elektronlaşdırılandan sonra başlayacaq.
Yeddirəqəmli nömrələmə sisteminə keçməklə, Gəncə şəhərinin telefon nömrələri "5" indeksi ilə başlayacaq (554-xx-xx, 555-xx-xx və s.). Yeni nömrələmə sistemi operatora ATS-in nömrə tutumunun resursunu artırmağa imkan verəcək və bu da öz növbəsində boş nömrələrin çatışmazlıq problemini həll edəcək. Gəncə Bakı, Sumqayıt və Naxçıvandan sonra infrastrukturun inkişafının yeddirəqəmli nömrələmə sistemini tələb etdiyi dördüncü şəhər olacaq.
Əliyevin sözlərinə görə, Gəncə TKQ-nin ümumi nömrə tutumu cari ilin yanvarından etibarən 16 min ədəd artırılaraq 68 min ədədə çatıb.
"Təkcə 54 saylı ATS-in yenidən qurulması nəticəsində nömrə tutumu 5 min ədəd artırılıb və 15 min ədədə çatıb. 55 saylı ATS-in nömrə resursu 2 min ədəd artaraq 12 min ədədə çatıb. Tərəfimizdən əlavə olaraq 4 ATS də istismara verilib. Bu 4 ATS-dən iki stansiya artıq istismar olunur, ikisi isə 2011-ci il yanvar ayının ikinci rübündə işə salınacaq. Beləliklə, Gəncə TKQ üzrə ATS-lərin ümumi sayı 12 ədədə çatdırılacaq", - Əliyev qeyd edib.
ATS-lərin hamısı gələcək nəsil bazası (NGN-Next Generation Network) əsasında qurulub.
NGN avadanlığının tədarükçüsü qismində Çinin "Huawei Technologies" şirkəti çıxış edir.