Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir E.İsmayılov/
Cari ilin aprel-mayında Azərbaycanda genişzolaqlı internetin inkişafı konsepsiyasının hazırlanması işləri başa çatacaq. Bu barədə cümə axşamı Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.
Onun sözlərinə görə, hazırda nazirlikdə genişzolaqlı internetin inkişafı konsepsiyasının hazırlanması üzrə iş aparılır.
Azərbaycanda internet tariflərinin aşağı salınması məsələsinə toxunan Vəlizadə qeyd edib ki, tariflərin azalması istifadəçilərin sayının artması, eləcə də göstərilən xidmətlərin genişlənməsi ilə bağlıdır.
Bir az əvvəl Azərbaycanın "Azərin" internet servis provayderi 2011-2013-cü illərdə respublikada genişzolaqlı internetin inkişafı konsepsiyasının formalaşması üzrə qiymət təyinetmə sorğusunun qalibi olub.
Yeni konsepsiya son istifadəçi üçün daha əlverişli olmasını təmin etmək məqsədilə genişzolaqlı internetdən istifadə imkanlarının genişləndirilməsini nəzərdə tutur.
Konsepsiyada operatorların telekommunikasiya qovşaqlarında genişzolaqlı internet portlarının sayının artırılmasını, tariflərin azaldılmasını, təklif olunan tarif planlarının sayının artırılmasını, multimedia xidmətlərinin göstərilməsi üçün infrastrukturun inkişafını, kontent-xidmətlərin (bank xidmətləri, elektron ticarət və s.) genişləndirilməsini nəzərdə tutur.
Azərbaycanın Rabitə və İnformasitya Texnologiyaları Nazirliyinin statistikasına görə, 2010-cu ilin sonuna olan vəziyyətə görə respublikada internetin yayılma səviyyəsi 12 faiz təşkil edib. Nazirliyin hesablamalarına görə, 2011-ci ildə genişzolaqlı çıxış bazarında artım təxminən 40 faiz təşkil edəcək.
Son ilyarım ərzində Azərbaycanda internet tarifləri səkkiz-doqquz dəfə azaldılıb və bu gün 1Mbit/s sürətlə ADSL xidmətinə qoşulma üzrə orta qiymət 20 manat təşkil edir.