...

Azərbaycanda "Elektron təhsil" müsabiqəsi start götürüb

Telekommunikasiya Materials 11 Aprel 2011 15:44 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi "Elektron təhsil" respublika müsabiqəsinə start verib. Trend-in məlumatına görə, bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.
Azərbaycanda "Elektron təhsil" müsabiqəsi start götürüb

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Azərbaycan Təhsil Nazirliyi "Elektron təhsil" respublika müsabiqəsinə start verib. Trend-in məlumatına görə, bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.

Müsabiqə "2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması Dövlət Proqramı" çərçivəsində həyata keçirilir və "Microsoft Azərbaycan", "Intel" korporasiyasının "Gələcək üçün təhsil" proqramı, Azerfon-Vodafone, AZEDUNET, Ultra, HP və "Mədəd" təşkilatları tərəfindən dəstəklənir.

Müsabiqəyə aid bütün məlumatlar www.musabiqe.edu.az internet səhifəsində yerləşdirilib.

Müsabiqə "Təhsildə internet texnologiyaları" və "Müasir məktəbdə elektron tədris resursları" istiqamətləri üzrə təşkil olunub.

Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

"Müasir məktəbdə elektron tədris resursları" istiqaməti üzrə müsabiqəyə elektron tədris resurslarının tədris prosesində əməli tətbiqinə aid olan metodiki tədris materialları təqdim edilə bilər. Bu istiqamət üzrə qaliblər "Fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı metodika", "İbtidai təhsil sistemində İT-dən istifadə üzrə ən yaxşı metodika", "Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli" nominasiyaları üzrə müəyyən olunacaqlar.

"Təhsildə internet texnologiyaları" istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu internet resursları, bloqlar və digər internet layihələri təqdim edilə bilər. Qaliblər "Təhsildə internet resursları" və "Müəllimlərin bloqları" nominasiyaları üzrə müəyyən olunacaq.

İki mərhələdə keçiriləcək səsverməni peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla Təhsil Nazirliyi tərəfindən formalaşdırılan münsiflər heyəti aparacaq.

Müsabiqədə 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq.

Müsabiqə artıq ikinci dəfə keçirilir. 2010-cu ildə keçirilən müsabiqədə 810 layihə iştirak etmişdi. Müsabiqənin qalibləri 89 nominant arasından seçilmişdi.

Xəbər lenti

Xəbər lenti