...

"AzEuroTel" tamamilə "Bakı Telefon Rabitəsi"nin tabeçiliyinə keçib

Telekommunikasiya Materials 1 İyun 2011 12:08 (UTC +04:00)
"AzEuroTel" rabitə operatoru tamamilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin tabeçiliyinə keçib. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.
"AzEuroTel" tamamilə "Bakı Telefon Rabitəsi"nin tabeçiliyinə keçib

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir H.Vəliyev/

"AzEuroTel" rabitə operatoru tamamilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin tabeçiliyinə keçib. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.

Məlumata əsasən, son illərdə operatorun maliyyə-təsərrüfat fəaliyyətində bir çox problemlər olub, kənar təşkilatlara külli miqdarda borclar yaranıb, müəssisənin investorlar üçün cəlbediciliyi azalıb və özəlləşməyə açılmasına baxmayaraq bu proses başa çatmayıb.

"AzEuroTel" BM-in xarici təsisçisi "Lukoyl-Evropa Ltd" şirkətinin ləğv edildiyi və "AzEvroTel" BM-dəki payının alınmasından imtina edildiyi nəzərə alınıb.

Nazirlik müəssisənin gələcəkdə iflas vəziyyətinə düşməsinin qarşısının alınması, BM-in sağlamlaşdırılması və gələcək fəaliyyətinin təşkili məqsədilə onun təşkilati hüquqi forması mövcud qanunvericiliyə uyğun olaraq dəyişdirilərək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin nəzdində "Az-Evro Tel" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edib.

"AzEuroTel" BM-in Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi prosesi zamanı öz ərizəsinə əsasən BM-in baş direktoru Nuru Əhmədov tutduğu vəzifədən azad edilib və həmin vəzifəyə Cabit Rəsulov təyin edilib.

Bundan əvvəl Cabit Rəsulovun Trend-ə dediyinə görə, "LukOilEurope"-ın komitəyə ünvanlanan məktubu əsasında 2011-ci il mayın 11-dən "AzEuroTel" məhdud məsuliyyətli cəmiyyətdən səhmdar cəmiyyətə çevrilib.

"Azerurotel" MMC-nin hazırkı nizamnaməsinə görə, müəssisənin bütün fəaliyyəti "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin təklifləri əsasında həyata keçirilə bilər", - Rəsulov deyib.

"AzEuroTel" Azərbaycan-Britaniya Birgə Müəssisəsi 1995-ci ildə Azərbaycan Rabitə Nazirliyi (50 faiz) və Böyük Britaniyanın "LUKoil Europe Ltd." şirkəti (50 faiz) tərəfindən yaradılıb.

Nazirliyin məlumatına görə, nazirliyə məxsus nizamnamə kapitalının dəyərinin 50 faizi 50 min dollar təşkil edir.

"AzEuroTel" şirkəti Britaniyanın "GRT Ltd." şirkətinin "System X" texnologiyası əsasında qurulan müasir rəqəmli 492/497/437 ATS-lərin operatorudur.

Şirkət yerli telefon rabitəsinin yaradılması və istismarı, ayrılmış beynəlxaql və şəhərlərarası peyk rabitəsi kanallarının təşkili, məlumatların ötürülməsi və telematik rabitə şəbəkələrinin yaradılması, video-konfrans-rabitə xidmətlərinin göstərilməsi, danışıq məntəqələrinin təşkili, yeni yerli, beynəlxaql şəhərlərarası taksofonların quraşdırılması və istismarı üzrə lisenziyalara malikdir.

Xəbər lenti

Xəbər lenti