...

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi elektron formada lisenziya və sertifikatların verilməsinə başlayacaq

Telekommunikasiya Materials 1 İyul 2011 15:19 (UTC +04:00)
Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi elektron formada lisenziya və sertifikatların verilməsinə başlayacaq.
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi elektron formada lisenziya və sertifikatların verilməsinə başlayacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi elektron formada lisenziya və sertifikatların verilməsinə başlayacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü nazir müavini Sevinc Həsənova bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər Azərbaycan Prezidenti İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanı üzrə aparılır.

"İdarəmizdə artıq elektron xidmətlərin tətbiqi üzrə işlərə başlanılıb. Nazirlik tərəfindən İKT-nin uzunmüddətli inkişafı və tətbiqi strategiyası qəbul edilib və onun həyata keçirilməsi ilə nazirlikdəki bütün işlər mərhələli şəkildə elektron formaya keçəcək", - Həsənova deyib.

Nazir müavininin fikrincə, İKT-nin tətbiqi bürokratik maneələri aradan qaldıracaq, şəffaflığı artıracaq, eləcə də bu və ya digər xidmətin göstərilməsi prosesində vaxta qənaət edəcək.

"Elektron sənəd dövriyyəsinin tətbiqi kağız daşıyıcılara tələbatı əhəmiyyətli dərəcədə azaldacaq. Sənəd dövriyyəsindən elektron sistemə keçid ildə üç ton kağıza qənaət etməyə imkan verəcək. Nəticədə bu, ölkənin ekoloji təhlükəsizliyini təmin edəcək. Nəzərə alsaq ki, elektron sistem bütün idarələrdə tətbiq olunacaq, onda bu miqdarda əhəmiyyətli qənaət həm maddi, həm də ekoloji baxımdan müsbət təsir edəcək", - Həsənova bildirib.

Nazir müavininin sözlərinə görə, son illərdə Azərbaycan böyük investisiyaların qoyulduğu İKT sahəsində əhəmiyyətli uğurlara nail olub.

Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycan MDB ölkələri arasında qabaqcıl mövqe tutur. Azərbaycan bu gün ilk telekommunikasiya peykinin buraxılışına hazırlaşır ki, bu da öz növbəsində sektorun həm Azərbaycanda, həm də ümumilikdə regionda inkişafına daha da imkan verir.

Xəbər lenti

Xəbər lenti