Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir H.Vəliyev/
KÜR kompyuter texnikası istehsalı zavodu 17-ci Azərbaycan telekommunikasiya sərgisi "BakuTel -2011" çərçivəsində Prestije brendi altında rəqəmsal televiziya üçün DVB-T dekoderlərinin iki yeni modelini nümayiş etdirir. Bu barədə Trend-ə KÜR zavodundan bildiriblər.
Zavod artıq sınaq variantında onlarla dekoder buraxıb. Bazarın tələbatının qiymətləndirilməsindən sonra qurğuların seriyalarda istehsalının başlanılması gözlənilir.
KÜR artıq daxili bazarda bu qurğuların ilk partiyasının satışına başlayıb.
Hazırda KÜR dekoderlərinin konveyer istehsalının başlanması üzrə istehsalat prosesini mənimsəyir. Konveyerə daxil olduqdan sonra bu qurğular müxtəlif modellər üzrə təsnifləşdiriləcək. Zavodun müəssisələrində avadanlıqların seriyalarla istehsalı onların qiymətinin xeyli aşağı düşməsinə imkan verəcək və onları əhalinin geniş təbəqələri üçün əlverişli edəcək.
DVB -T dekoderlərinin satışının artması əhalinin onlara olan tələbatından asılı olacaq.Bu məqsədlə KÜR paytaxtdakı məişət texnikasının pərakəndə satışı üzrə mağazalar şəbəkəsi ilə danışıqlar aparır.
Bir müddət əvvəl Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun dediyi kimi, bir neçə aydan sonra 10 yerli kanaldan ibarət ilk rəqəmsal paket Azərbaycan ərazisinin 90 faizində yayılacaq. Bundan sonra nazirlik ölkəyə analoq yayımın siqnallarını qəbul edən televizorların idxalına məhdudiyyətlər qoyulması təklifi ilə çıxış edəcək.
Azərbaycanda rəqəmsal yayıma tam keçid 2013-cü ilin birinci rübündə baş verəcək.