...

Azərbaycanda məktəblilər internetin mənfi təsirlərindən qorunacaqlar

Telekommunikasiya Materials 25 Noyabr 2011 16:33 (UTC +04:00)
2012-ci ilin əvvəlindən Azərbaycanın internet-servis-provayderi "Sazz" AzEduNet ilə birgə "Məktəblilər üçün təhlükəsiz internet" layihəsinin həyata keçirilməsinə başlayacaq.
Azərbaycanda məktəblilər internetin mənfi təsirlərindən qorunacaqlar

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir H.Vəliyev/

2012-ci ilin əvvəlindən Azərbaycanın internet-servis-provayderi "Sazz" AzEduNet (Azerbaijan Educational Network) təhsil şəbəkəsi ilə birgə "Məktəblilər üçün təhlükəsiz internet" layihəsinin həyata keçirilməsinə başlayacaq. Bu barədə cümə günü Trend-ə "Sazz" şirkətindən məlumat verilib.

Məlumata görə, layihə uşaqları virtual mühitdəki arzuolunmaz kontentdən (pornosaytlardan, zorakılığı, ekstremizmi, qumar oyunlarını və başqalarını təbliğ edən ədəbsiz leksikanı özündə saxlayan resurslardan) müdafiə edən internet xidmətlərinin göstərilməsini nəzərdə tutur.

Simsiz modemlərin müəyyən partiyası özənişsiz əsasda təqdim olunacaq. Təhsil şəbəkəsinin yoxlanılmış kontenti "Sazz" şirkətinin simsiz infrastrukturu vasitəsilə çatdırılacaq.

"Şirkətlər arasında layihə üzrə bütün danışıqlar artıq başa çatıb və bu gün tamamlanma mərhələsində olan yalnız texniki işlər qalır. Bu, layihənin reallaşdırılmasına yaxın ay yarım ərzində başlanacağını deməyə imkan verir", - şirkətdən bildiriblər.

Hazırda Azərbaycanın Təhsil Nazirliyi bu gün mindən artıq məktəbin qoşulduğu AzEduNet şəbəkəsi çərçivəsində veb-saytların 60 kateqoriyasının yoxlanılması barədə qərar qəbul edib.

Sağlam gənc nəslin formalaşmasına ziyan vura biləcək informasiyadan istifadənin məhdudlaşdırılması üçün AzEduNet çərçivəsində "Websense" proqramı tətbiq edilir ki, bu proqram qadağan olunmuş kateqoriyaya aid olan saytları avtomatik olaraq yoxlayır və axtarış sistemlərində müxtəlif dillərdə zərərverici informasiyanın axtarışını, video və audiofayllara girişi məhdudlaşdırır və uşaqların belə məlumatlardan maksimum müdafiəsini təmin etməyə imkan verir.

İnternet-kontentin təhlükəsizliyinin təmin olunması məqsədilə "2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində nazirlikdə İnternetdən istifadə məsələləri üzrə Şura yaradılıb. Şuranın fəaliyyətinin əsas istiqamətləri arzuolunmaz kontentin yoxlanılması, eləcə də məktəblilərin və ali məktəb tələbələrinin ziyanverici məlumatlara çıxışının məhdudlaşdırılması üzrə tövsiyə və praktiki təkliflərin hazırlanmasıdır.

Xəbər lenti

Xəbər lenti