...

Bakıda telefon rabitəsinin vaxt hesabı ödənişi 2012-ci ildə tətbiq edilə bilər - nazir

Telekommunikasiya Materials 23 Dekabr 2011 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir H.Vəliyev/

Bakıda telefon rabitəsinin vaxt hesabı ödənişinin tətbiqi məsələsinə 2012-ci ildə baxıla bilər. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə ölkənin rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Abbasovun sözlərinə görə, yeni ödəniş sistemini tətbiq etməzdən əvvəl əhalinin belə bir yeniliyə hazır olması vacibdir. Ona görə də nazirlik əhalinin vaxt hesabı ödənişin tətbiqinə hazırlanması üçün bir sıra tədbirlərin aparılmasını planlaşdırır.

Lakin, onun sözlərinə görə, bu, gündəlikdə duran əsas məsələlər sırasında deyil.

Nazir bu məsələnin ikinci dərəcəli olmasının səbəbini genişzolaqlı internet istifadəçilərin sayının artması ilə izah edib.

"Bu gün Bakıda təxminən 700 min stasionar telefon var ki, onlardan 140 mini yüksəksürətli internet şəbəkəsinə qoşulub, 300 mini isə yeni nəsil şəbəkəsinin (NGN-Next Generation Network) IP protokoluna çıxış əldə edib", - nazir deyib.

Abbasovun sözlərinə görə, bu gün "Bakı Telefon Rabitəsi" İB-nin istifadəçilərinin yarısından çoxu genişzolaqlı internet şəbəkəsinin xidmətlərindən istifadə edir və bu xidmətlərə görə minimum 15 manat ödəyir.

Bundan əvvəl nazirlik Bakıda vaxt hesabı ödənişin tətbiqini planlaşdırsa da, sonradan bu təklif geri götürüldü.

Xəbər lenti

Xəbər lenti