Azərbaycan, Bakı, 24 fevral /Trend/
Azərbaycanda ilk dəfə olaraq təyyarələrdə mobil rabitə xidmətlərinin tətbiqi üçün texniki hazırlıq işləri davam etdirilir. Bu barədə cümə günü "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.
2011-ci ildə AZAL, Azerfon (Nar Mobile) və İsveçrənin "OnAir" şirkətlərinin imzaladığı sazişə müvafiq olaraq, məhz AZAL təyyarələrində tam çeşidli mobil rabitə xidmətləri istifadəyə veriləcək.
"AZAL "Azerfon" mobil operatorunun xidmətləri əsasında və İsveçrənin "OnAir" şirkətlərinin müvafiq avadanlığı vasitəsilə təyyarələrdə uçuş zamanı mobil rabitə xidmətlərinin tətbiqinə hazırlaşır. Bu istiqamətdə artıq müəyyən texniki hazırlıq işləri aparılır, müvafiq ekspertlər cəlb olunub. Azerfon-la imzaladığımız 10 illik eksklüziv sazişə əsasən, mobil rabitə xidmətləri yalnız AZAL təyyarələrində və yalnız Azerfon xidmətləri əsasında mümkün olacaq. Bu MDB məkanında ilk belə layihələrdəndir. Bu, həm milli aviasiya, həm də bizim telekommunikasiya sənayemizin inkişafının göstəricisidir", - hava yolları şirkətinin rəsmisi bildirib.