Azərbaycan, Bakı, 2 mart / Trend, müxbir H.Vəliyev /
Mart ayının 6-da Almaniyanın Hannover şəhərində "CeBIT 2012" beynəlxalq informasiya texnologiyaları sərgisi işə başlayacaq və martın 10-a qədər davam edəcək. Bu barədə Trend-ə cümə günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, sərgidə Azərbaycanı Delta Telecom, BestCompGroup, Ultra, Sinam şirkətləri, Dilmanc layihəsi və başqaları təmsil edəcəklər.
Ümumi sahəsi 50 kvadrat metr təşkil edən milli pavilyonda Azərbaycanın İKT sahəsindəki uğurları nümayiş olunacaq. Stendə gələnlər regional innovasiya zonalarının tikintisi, Transavrasiya super informasiya magistralının (TASIM) tikintisi, nanotexnologiyalar sahəsində uğurlar, kosmik sənaye, "Elektron hökumət" və s. ilə tanış olacaqlar. Sərgi dörd tematik seqmenti işıqlandırır: biznes (CeBIT pro) üçün ixtisaslaşdırılmış İT-həllər, istehlakçılar (CeBIT life), dövlət sektorları (CeBIT gov), elmi araşdırmalar və innovasiyaların (CeBIT lab) inkişafı.
Tədbir çərçivəsində seminarlar, dəyirmi masalar, müzakirələr və İT sahəsində yeniliklərlə çıxış etmiş şəxslərin mükafatlandırılması mərasimi keçiriləcək. Sərgidə təxminən 60 ölkədən 5000-dən çox jurnalist və bloggerin iştirak edəcəyi gözlənilir.
2011-ci ildə "CeBIT" sərgisinin nəticələrinin rəsmi statistikasına görə, sərgi sahəsi 282 200 kv.m təşkil edib, orada 70 ölkədən 4200 şirkət iştirak edib və ziyarətçilərin sayı 90 ölkədən 339 min nəfər təşkil edib.