...

Azərbaycanın İKT sektoru 7 milyard manatlıq xidmət göstərib

Telekommunikasiya Materials 10 Mart 2012 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir H.Vəliyev/

2004-2011-ci illərdə Azərbaycanın poçt rabitəsi və İKT sektoru üzrə istehsal olunan məhsulların və göstərilən xidmətlərin həcmi təxminən 7 milyard manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə "Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında hesabat"da deyilir.

Göstərilən xidmətlər üzrə orta illik artım 25-30 faiz təşkil edir.

2011-ci ilin yekunları üzrə İKT sektorunun müəssisələri tərəfindən 2010-cu ilin göstəriciləri ilə müqayisədə 12,8 faiz çox 827,3 milyon manat məbləğində əlavə dəyər yaradılıb.

İKT və telekommunikasiya sektoruna yönəldilən investisiyaların həcmi ötən ilin yekunları üzrə 286,2 milyon manat təşkil edib.

2011-ci ildə İT sektoru üzrə əldə olunan gəlirlərin həcmi 133 milyon manat olub.

2011-ci ildə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən sektora 138,5 milyon manat sərmayə qoyulub ki, bu da 2010-cu illə müqayisədə 59,4 milyon manat çoxdur.

2011-ci ildə 60 yeni ATS istismara verilib, 37 ATS yenidən qurulub.

Görülən işlər üzrə ümumi telefon şəbəkəsinin montaj tutumu 467 min ədəd artırılaraq 1 717 196 ədədə çatdırılıb ki, bunun 1 443 378 ədədi istifadədədir. 2011-ci ildə hər 100 ailəyə 68 ədəd stasionar telefon düşüb. Bakı üzrə bu göstərici 137,5 ədəd, respublikanın digər əraziləri üzrə 47,6 ədəd olub.

Respublikada CDMA üzrə abonent bazası 28 649 ədədə çatıb. Simsiz CDMA şəbəkəsi respublika əhalisinin 80 faizini əhatə edir.

2011-ci ildə mobil rabitə sektoru üzrə əldə olunan gəlirlərin həcmi 2010-cu illə müqayisədə 3,6 faiz artaraq 770 milyon manat olub. Telekommunikasiya sahəsindən əldə olunan gəlirlərin 69,2 faizi mobil rabitənin payına düşür.

2011-ci ildə mobil rabitə abonentlərinin sayı inişillə müqayisədə 11,1 faiz artaraq 10 120 000 təşkil edib. 2011-ci ilin sonuna mobil rabitənin nüfuz səviyyəsi 110 faiz olub.

Hər 100 nəfərə düşən personal kompüterlərin sayı ötən il 10,7 ədəd, internet istifadəçiləri 51 nəfər olub. Son səkkiz il ərzində bu göstəricilər üzrə artım müvafiq olaraq, 6 və 10,4 dəfə olub.

Xəbər lenti

Xəbər lenti