...

Azərbaycan Rabitə Nazirliyi dini dəyərləri aşağılayan kontentin yayılmasını pisləyir

Telekommunikasiya Materials 11 Oktyabr 2012 12:37 (UTC +04:00)
İnternetdə dini dəyərlərin aşağılanması üzrə materialların yayılması dünyada dinlərarası qarşıdurma yarada biləcək məsələlərdir və bu, məqbul sayıla bilməz.
Azərbaycan Rabitə Nazirliyi dini dəyərləri aşağılayan kontentin yayılmasını pisləyir

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir H.Vəliyev/

İnternetdə dini dəyərlərin aşağılanması üzrə materialların yayılması dünyada dinlərarası qarşıdurma yarada biləcək məsələlərdir və bu, məqbul sayıla bilməz. Trend-in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ATƏT nümayəndələri ilə nazirlikdə keçirilən görüşdə bildirib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) ATƏT-in fəaliyyətdə olan sədrinin müsəlmanlara qarşı dözümsüzlük və diskriminasiya ilə mübarizə üzrə şəxsi nümayəndəsi Adil Axmetov, antisemitizmlə mübarizə üzrə şəxsi nümayəndəsi Rabbi Andrev Baker, irqçilik, ksenofobiya və diskriminasiya ilə, həmçinin xristianlara və digər dinlərin üzvlərinə qarşı dözümsüzlük və diskriminasiya ilə mübarizə üzrə şəxsi nümayəndəsi Ketrin Makginneslə görüş keçirilib.

Görüşdə Vəlizadə bildirib ki, RİTN informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsinə məsul olan qurumdur. Bundan irəli gələrək nazirlik ölkədə telekommunikasiya, informasiya texnologiyaları və poçt sahəsinin inkişaf etdirilməsi missiyasını daşıyır. Nazir müavini əlavə edib ki, internetin inkişaf etdirilməsi də RİTN-in əsas hədəflərindən biridir.

ATƏT-in fəaliyyətdə olan sədrinin müsəlmanlara qarşı dözümsüzlük və diskriminasiya ilə mübarizə üzrə şəxsi nümayəndəsi Adil Axmetov internetdə dini təbliğatların aparılması və bu istiqamətdə Azərbaycanın hansı addımlar atdığı ilə maraqlanıb.

Öz növbəsində, Elmir Vəlizadə bildirib ki, Azərbaycanda bu halların həyata keçirilməsi ölkəmizin qanunvericiliyi çərçivəsində baş verir. İnternetin bir vasitə olduğunu qonaqların diqqətinə çatdıran nazir müavini deyib ki, Azərbaycan kompüter cinayətkarlığının qarşısını almaq üçün kibercinayətkarlığa qarşı konvensiyaya qoşulub: "Bu konvensiyadan irəli gələn məsələlərin həyata keçirilməsi üçün nazirliyimiz əlaqələndirici qurum funksiyasını yerinə yetirir".

Daha sonra Axmetov internetdə "Müsəlmanların məsumluğu" filminin fraqmentlərinin yayılması və bunun nəticəsi olaraq bir sıra müsəlman dövlətlərində iğtişaşların yaranmasına diqqət çəkib.

Elmir Vəlizadə bildirib ki, sözügedən materialların internetdə yayılması dünyada dinlərarası qarşıdurma yarada biləcək məsələlərdir. Bu cür hallara qarşı sosial şəbəkələrdə, forumlarda fikirlərin səsləndirildiyini vurğulayan nazir müavini onu da əlavə edib ki, karikaturaların yayılması və dini dəyərlərin aşağılanması məqbul sayıla bilməz: "Müxtəlif saytlar yayılan materiallara daha diqqətli yanaşmalıdır. Çünki onlara nəzarət etmək kimi imkanlar yoxdur. Hesab edirəm ki, belə hallara qarşı beynəlxalq təşkilatlar özləri addımlar ataraq qarşıdurmalara səbəb ola biləcək məsələlərin aradan qaldırılmasına çalışmalıdırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti