...

İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlərin təqdimatı keçirilib

Telekommunikasiya Materials 23 Oktyabr 2012 15:04 (UTC +04:00)
Oktyabrın 23-də İsmayıllı rayonunda İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə “İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlər” mövzusunda tədbir keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlərin təqdimatı keçirilib

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Oktyabrın 23-də İsmayıllı rayonunda İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə "İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlər" mövzusunda tədbir keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak etmişlər.

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən Ağayev paytaxt Bakı ilə yanaşı, regionlarda da informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndiyini, bu sahədə işlərin uğurla davam etdiyini diqqətə çatdırmışdır.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" və "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyində elektron xidmətlərin tətbiqi sahəsində görülmüş işlər barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.

Nazirlikdə qabaqcıl informasiya texnologiyalarının tətbiqinə böyük önəm verildiyini vurğulayan Zaur Qasımov elektron xidmətlərin tətbiqinin modern və çevik idarəetmənin təmin edilməsində, şəffaflığın daha da artırılmasında, işin səmərəli təşkilində və vaxt itkisinin qarşısının alınmasında xüsusi önəm kəsb etdiyini diqqətə çatdırmışdır.

Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az internet saytında elektron xidmətlər bölməsi yaradılıb. Bölmədə Nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların və malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilib.

Ümumiyyətlə, nazirlik tərəfindən 7 istiqamətdə interaktiv, 9 istiqamət üzrə isə informativ elektron xidmətlər göstərilir. Artıq sahibkarlar İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərdən istifadə edərək tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini on-line rejimində həyata keçirə bilər və ya ödənişə dair təsdiqedici sənədləri elektron qaydada müvafiq sənədlərə əlavə edərək göndərə bilərlər.

Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da həyata keçirilir. Eyni zamanda, cərimə və maliyyə sanksiyalarının on-line rejimində elektron ödənilməsi üçün imkanlar yaradılıb.

Bütün bunlarla yanaşı, İqtisadi İnkişaf Nazirliyinin elektron informasiya resursları vasitəsilə vətəndaşların on-line rejimində qəbula yazılmaları, onların müraciətlərinin on-line rejimdə qəbulu və cavablandırılması, vətəndaşların Nazirliyin məsul işçiləri ilə canlı video əlaqəsi, vətəndaşlarla on-line rejimində sual-cavab və ən çox verilən suallar sistemi, dövlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə), sahibkarlar və vətəndaşlar üçün uzaqdan on-line rejimində video-təlim sistemi, "www.icazeler.gov.az" icazələrin elektron informasiya portalı, "www.b2b.az" elektron ticarət portalı, sahibkarlıq subyektləri və vətəndaşlar üçün nazirliyin press-relizlərinə elektron abunə yazılışı kimi informativ elektron xidmətlərin göstərilməsi təşkil olunmuşdur.

Tədbirdə çıxış edən İstehlak Mallarının Ekspertizası Bürosunun əməkdaşı Elçin Məlikov malların mənşə və keyfiyyət sertifikatlarının alınmasında elektron xidmətlərdən istifadə qaydaları barədə məlumat vermiş, elektron xidmətlərin xüsusi əhəmiyyətini vurğulamışdır.

İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri tədbir iştirakçıları üçün əyani olaraq lisenziyaların, mənşə və keyfiyyət sertifikatlarının alınması, qrant müqavilələrinin qeydiyyatı və s. xidmətlərdən on-line rejimində istifadə prosedurunu nümayiş etdirmişlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti