...

"ASAN xidmət" mərkəzlərində "Azərsu" abunəçilərinə bəzi müştəri xidmətlərinin göstərilməsinə başlanıb (FOTO)

Telekommunikasiya Materials 18 İyun 2014 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun /Trend/

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılması və bu sahədə şəffaflığın təmin edilməsi məqsədi ilə islahatları davam etdirir.

ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əldə olunmuş razılığa əsasən, "ASAN xidmət" mərkəzlərində "Azərsu" ASC-nin abunəçilərinə bəzi müştəri xidmətlərinin göstərilməsinə başlanılıb.

"ASAN xidmət" mərkəzlərində abunəçilər aşağıda təklif olunan xidmətlərdən istifadə edə bilərlər:

- Abonentlərin bazadakı məlumatlarına dəyişikliklərin edilməsi;
- Borc haqqında məlumatın (arayış) verilməsi;
- Smart tipli sayğac quraşdırılan tarixdən karta yükləmələr haqqında məlumatın verilməsi;
- Səbəbindən asılı olmayaraq istənilən ödəniş provayderi vasitəsilə həyata keçirilmiş qüsurlu ödənişin bərpa edilməsi (ödənişin bazaya düşməməsi, bazaya düşən ödənişlərin köşklərdə smart kartlara yüklənməməsi və s. hallarda);
- Yeni smart kartların verilməsi;
- İtirilmiş və ya zədələnmiş smart kartların bərpası;
- Qeydiyyatda olan və "Azərsu" ASC-nin Abonent bazasında təsdiqini tapmış məcburi köçkün qrupuna aid abonentlərin sudan istifadə və tullantı suların axıdılması xidmətlərinə görə limitlərinin smart karta yüklənməsi;
- Smart tipli sayğacın digər smart tipli sayğacla əvəz olunması səbəbindən yeni smart kartların verilməsi və əvvəlki kartda qalan sərfiyyatın yeni karta köçürülməsi;
- Smart tipli sayğacların istismar qaydaları haqqında məlumatın verilməsi.

İtirilmiş smart-kartın bərpası üçün 5 manat rüsum istisna olmaqla digər xidmətlər ödənişsizdir. İlkin mərhələdə bu xidmətlər Nərimanov rayonu ərazisində yerləşən 1, Yasamal rayonundakı 3 və Sabunçu rayonundakı 4 saylı "ASAN xidmət" mərkəzlərində təşkil olunub. Yaşayış yerindən asılı olmayaraq abunəçilərin bu mərkəzlərdə "Azərsu" ASC-nin xidmətlərindən istifadəsinə məhdudiyyət qoyulmur.

Yaxın vaxtlarda "Azərsu" ASC bütün "ASAN xidmət" mərkəzlərində öz xidmətləri ilə təmsil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti