Azərbaycan, Bakı, 12 sentyabr /Trend/
Azərbaycan mobil rabitə bazarının lider şirkəti "Azercell Telekom" Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi altında Türkiyədə keçirilən "CEBİT Bilişim-2014" konfransında ölkəmizi təmsil edir.
Şirkətdən Trend-ə verilən məlumata görə, Avrasiya ölkələri arasında ən böyük və əhəmiyyətli tədbirlərdən biri olan "CEBİT Bilişim-2014" qlobal konfransı sentyabrın 11-14 tarixlərində İstanbulda keçirilir. "CEBİT Bilişim" sərgisi hər il təşkil olunur və Avrasiya regionunun İKT sahəsində ən iri sərgilərdən biridir. Şirkət sərgidə öz məhsul, texniki həllər və nailiyyətlərini nümayiş etdirməklə yanaşı, yeni nəsil texnologiyalarla tanış olmaq və dünyanın aparıcı İKT şirkətləri ilə ikitərəfli əlaqələri daha da inkişaf etdirmək imkanı əldə edir.
Azercell-in sərgidə nümayiş etdirdiyi yeniliklərdən biri M2M texnologiyası əsasında yaradılan xidmətlərdir. Sözügedən texnologiya müxtəlif məişət və sanaye sahələrində məlumatların toplanmasını və mobil rabitə vasitəsilə istifadəçiyə dərhal göndərilməsini mümkün edir. M2M texnologiyaları bank, nəqliyyat, təhlükəsizlik, neft-qaz sanayesi, kommunal xidmətlər və digər sahələrdə tətbiq olunur. Hazırda Azərbaycanda M2M texnologiyası yalnız "Azercell Telekom" şirkəti tərəfindən təqdim olunur. Bununla bərabər, şirkət ölkədə ilk dəfə tətbiq etdiyi digər yeniliyi - Asan İmza (mobil imza) xidmətini də nümayiş etdirir. Bu xidmət hər bir mobil abunəçiyə elektron xidmətlərdən yararlanmaq, elektron imzadan asanlıqla istifadə etmək imkanını yaradır.
Qeyd edək ki, bu il İstanbulda kecirilən tədbirdə 72 mindən çox peşəkar mütəxəssis iştirak edir. Tədbir çərçivəsində yüksək səviyyəli görüşlər, birgə "B2B" tədbirlər, tematik sessiyalar, təqdimatlar keçirilir. Sərgi-konfransın əsas müzakirə mövzuları informasiya texnologiyaları, telekommunikasiya, rəqəmli media və istehlakçı elektronikası, dünya üzrə tendensiyalar və innovasiyalar, "ağıllı" şəhər, "ağıllı" dövlət, "ağıllı" bələdiyyə, elektron hökumət həlləri, İT sahəsində qadınlar, məhdudiyyətsiz məlumat və s. olub.
İnnovativ məhsullarla öz abunəçilərini daim sevindirən "Azercell" ölkəmizin inkişafını, həmçinin Azərbaycandan kənarda, digər ölkələrdə geniş təqdim etməkdə davam edir.