Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycanın mobil rabitə operatorları arasında operatorlararası qoşulma tariflərinin tənzimlənməsi ilə bağlı mübahisəli məsələ aprelin sonunadək həllini tapacaq.
Trend-in məlumatına əsasən, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov bu gün Bakıda "Azerfon" şirkətinin təşkilatçılığı ilə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ötən həftə məsələ "Azerfon" və "Azercell" şirkətlərinin rəhbərliyi ilə müzakirə olunub: "Biz hər iki şirkətdən təklif aldıq və hazırda bu məsələnin tənzimlənməsi məqsədilə təkliflər hazırlanır. Bizə təqdim edilən variantlar baxılma mərhələsindədir və bu ay ərzində məsələ həll olunacaq".
Qeyd edək ki, söhbət dövlət tərəfindən 0,02 manat səviyyəsində müəyyən edilmiş operatorlararası qoşulma tarifindən gedir.