Bakı. Trend:
Cənubi Qafqazın yeganə peyk operatoru olan "Azərkosmos" ASC və Gürcüstanın "The Georgian Public Broadcasting" (GPB) şirkəti arasında "Adjara TV" kanalının kommersiya yayımına dair müqavilə imzalanıb. Bu barədə Trend-ə ASC-dən məlumat verilib.
Qeyd edək ki, 2005-ci ildən etibarən rəsmi olaraq Gürcüstanın İctimai Televiziya və Radio yayımlarını həyata keçirən GPB şirkətinə 17 televiziya və 15 radio kanalı daxildir. Şirkətin tərkibində fəaliyyət göstərən televiziya kanalları vasitəsilə, əsasən, ictimai-siyasi proqramlar, musiqi verilişləri, bədii, cizgi və sənədli filmlər nümayiş olunur. "Adjara TV" kanalı 2016-cı ildən etibarən 11095/H/27500 tezliyi ilə yayımlanır.
Peyk operatoru, həmçinin Ukraynanın "Radio 24" və "Lux FM" radio kanalları ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, musiqili və informativ proqramların səsləndiyi radiokanallar "Azerspace-1" peyki üzərindən 2016-cı ilin yanvar ayından etibarən 11016/171 tezliyi ilə yayımlanır.