...

İranlı nazir Azərbaycan nümayəndə heyətini ölkəsində keçiriləcək beynəlxalq sərgiyə dəvət edib (FOTO)

Telekommunikasiya Materials 23 Aprel 2018 12:51 (UTC +04:00)
Aprelin 22-də Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi ilə görüşüb.
İranlı nazir Azərbaycan nümayəndə heyətini ölkəsində keçiriləcək beynəlxalq sərgiyə dəvət edib (FOTO)

Bakı. Fərhad Daneşvar - Trend:

Aprelin 22-də Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi ilə görüşüb.

Trend-in məlumatına görə, görüşdə iki ölkə arasında rabitə və informasiya texnologiyaları sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivləri müzakirə edilib.

Səfir Bünyad Hüseynov bildirib ki, son illər Azərbaycan-İran
münasibətləri sürətlə inkişaf edir və əlaqələrin inkişafına İranın
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də öz töhfəsini verir:

"Bütün sahələrdə olduğu kimi Azərbaycan rabitə və informasiya
texnologiyaları sahəsində də İran ilə əlaqələrinin inkişafına önəm
verir".

Prezident Həsən Ruhaninin 2018-ci ilin mart ayında ölkəmizə
səfərinə toxunan səfir qeyd edib ki, səfər çərçivəsində bir sıra mühüm məsələlər barədə razılıq əldə edilib və sənədlər imzalanıb.

M.C.Azəri Cəhromi Prezident Həsən Ruhanin ölkəmizə səfərinin önəmli olduğunu vurğulayıb və qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafına təkan verdiyini söyləyib. Ötən il ölkəmizə səfər etdiyini bildirən M.C.Azəri Cəhromi 23-cü Beynəlxalq “BakuTel–2017” informasiya və kommunikasiya texnologiyaları sərgisi ilə tanış olduğunu bildirib.

Qeyd olunub ki, səfər çərçivəsində Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyaları naziri R.Quluzadə ilə rabitə,
informasiya texnologiyaları və elektron hökumət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. İnformasiya texnologiyaları üzrə müştərək layihələrin həyata keçirilməsi məqsədi ilə mütəxəssislərin qarşılıqlı səfərlərinin həyata keçirilməsi barədə razılıq əldə edilib.

M.C.Azəri Cəhromi Azərbaycan nümayəndə heyətini bu il İranda keçiriləcək “19-cu Beynəlxalq Telekomunikasiya, İnformasiya Texnologiyaları və İnnovasiyalar Sərgisi”ndə (IRAN TELECOM INNOVATIONS-2018) iştirak etməyə dəvət edib.

Nazir kənd təsərrüfatı sənayesində informasiya texnologiyalarının tətbiqinin önəminə toxunaraq, İranda əkin sahələrinin səmərəli
suvarılması məqsədilə informasiya texnologiyalarının imkanlarından
istifadə olunduğunu diqqətə çatdırıb.

Ölkəmizin müştərək layihələrin həyata keçirilməsini dəstəklədiyini
bildirən səfir B.Hüseynov Azərbaycanda informasiya texnologiyalarının son nailiyyətlərinin tətbiq olunduğunu söyləyib.

B.Hüseynov viza rəsmiləşdirilməsi prosesində tətbiq olunan “ASAN viza” sistemi haqqında danışıb, kənd təsərrüfatı sahəsində informasiya texnologiyalarının imkanlarından istifadə olunmasının və bu sahədə təcrübə mübadiləsinin aparılmasının səmərəli olacağını diqqətinə çatdırıb, hər iki ölkənin yüksək potensiala malik elm və texnologiya parkları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğulayıb.

Görüşdə rabitə və informasiya texnologiyaları sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti