...

"Azercell"in Rəqəmsal Dünyası Azərbaycanın şimal bölgəsində (FOTO)

Telekommunikasiya Materials 7 Avqust 2019 18:45 (UTC +04:00)
Layihə Quba, Xaçmaz və Qusar şəhərlərində 20 minə yaxın insanı bir araya gətirib
"Azercell"in Rəqəmsal Dünyası Azərbaycanın şimal bölgəsində (FOTO)

Bakı. Trend:

Hər zaman maraqlı təşəbbüsləri və layihələri ilə fərqlənən Azərbaycanın ilk 4G xidməti təminatçısı “Azercell Telekom” MMC-nin respublikamızın şimal bölgəsinə təşkil olunan səfəri uğurla baş tutub.

“Azercell Telekom”dan Trend-ə verilən məlumata görə, “Rəqəmsal Dünya bölgələrdə” adlı layihəsi çərçivəsində Quba, Xaçmaz və Qusarda 20 minə yaxın insanı bir araya toplayan ölkənin telekommunikasiya sahəsinin lideri Azercell həm əyləncəli, maarifləndirici, həm də sosial tədbirləri bir səfərdə cəmləyib. Şirkət tərəfindən bölgə sakinlərinə yenilənmiş rəqəmsal məhsullar, mobil cihazların texniki imkanları vasitəsilə xidmətlərin əlçatanlığı nümayiş olunub. Tədbir iştirakçıları virtual reallıq oyunlarında öz güclərini sınayıb, intellektual və əyləncəli oyunlara, müsabiqələrə qatılıb, hədiyyələr qazanıb.

Eyni zamanda, bölgələrə təşkil olunan səfərlərə Azercell-in “Mobil Diş" və “Mobil Göz" klinikaları da qoşulub. 3 avqust tarixində Quba şəhər valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbində Azercell-in mobil klinikaları 30-a yaxın uşağı müayinə edib. Azercell internat məktəbinin şagirdlərinə məktəb ləvazimatları hədiyyə edib. Daha sonra klinikalar Qubanın mərkəzində aztəminatlı ailələri və ahılları da müayinədən keçirib. Məlumat üçün bildirək ki, yarandığı andan Azercell-in “Mobil Göz Klinikası”nın xidmətlərindən 6500-dən çox, “Mobil Diş Klinikası”nın xidmətlərindən isə 4000-dən çox şəxs yararlanıb.

Fəaliyyətinin rəqəmsal dövrünə qədəm qoyan Azercell-in ölkənin texnologiyalar aləminə inteqrasiyasını sürətləndirmək üçün ölkəboyu 4G şəbəkəsinin gücləndirilməsi və genişləndirilməsinə son yarım ildə yatırdığı sərmayənin məbləği 63 milyon manata çatıb. Ümumilikdə, Bakı və Abşeron da daxil olmaqla, ölkənin 57 bölgəsi 4G şəbəkəsinin əhatə dairəsindədir. Təkcə Quba, Qusar və Xaçmaz bölgəsində 70-ə yaxın LTE stansiyası əhalini yüksək-sürətli internetlə təmin etməkdədir. Son yarımildə şirkət əhali əhatəsi dairəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% yüksəlişə nail olub. Həmçinin günlük LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək artım qeydə alınıb. Məlumat üçün bildirək ki, müasir dövrdə istifadəçilərin artan tələblərini qarşılamaq və yeni bağlantı erasına ölkəni hazır etmək şirkətin prioritet sahələrindəndir.

Avqust ayında Azercell-in Rəqəmsal Dünyasını öz bölgənizdə gözləyin!

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti