Bakı. Trend:
Azərbaycanda rəqəmsal savadlılıq 53-55 faiz təşkil edir.
Trend-in məlumatına görə, bu barədə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin (4SIM) Rəqəmsal İqtisadiyyat departamentinin rəhbəri Cavid Abdullayev "IT Hub Azerbaijan" layihəsinin açılışında deyib.
"Bu göstərici bir sıra inkişaf etmiş ölkələrin göstəricilərinə yaxındır. Hazırda bu savadlılıq Bakıda daha yüksəkdir. Bölgələrdə isə rəqəmsal qeyri-bərabərlik mövcuddur və bölgələrdə rəqəmsal savadlılığın artırılması yaxın gələcək üçün əsas hədəflərimizdən biridir", - C.Abdullayev deyib.
Onun sözlərinə görə, Azərbaycanda əhali arasında internet istifadəçilərinin sayı 80 faizi keçib.
"Bu göstəricinin formalaşmasında həlledici rol Bakıya məxsusdur, lakin bölgələrdə də bu istiqamətdə addımlar atılır", - o deyib.
C.Abdullayev həmçinin Azərbaycanda 2016-2021-ci illərdə iş yerlərində İKT sahəsinə tələbatın beş dəfə artdığını və bu göstəricinin hər il daha da yüksəldiyini qeyd edib.