Bakı. Trend:
Radiospektr idarəçiliyi sahəsində münasibətlərin effektiv formada tənzimlənməsi, təkmilləşdirilməsi, eyni zamanda radiotezlik spektrinin ayrılması və istifadəsində şəffaflıq, ədalətlilik prinsiplərinə riayət olunması, hüquqi bazanın möhkəmləndirilməsi məqsədilə “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda əlavə və dəyişikliklər edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə bildirilib ki, yeni dəyişikliyə əsasən, ölkə ərazisində radiotezlik resursları 10 il müddətinə ayrılacaq. Radioxidmətlər üzrə yeni texnologiyaların sürətli inkişafı, həmçinin beynəlxalq və regional telekommunikasiya təşkilatları tərəfindən mütəmadi olaraq radiotezlik zolaqlarının istifadə təyinatının dəyişdirilməsi üzrə qəbul edilən qərarlar radiotezliklərin müddətli ayrılmasını zəruri edirdi.
Qeyd edək ki, əksər ölkələrdə (Rusiya, Belarus, Gürcüstan, Ukrayna, Polşa, Sloveniya, Cənubi Koreya və s.) radiotezliklər istifadə üçün müddətli ayrılır.
Həmçinin, radiotezliklərdən istifadəyə dair bağlanacaq müqavilədə tərəflərin öhdəlikləri yeni qaydalara əsasən müəyyənləşdiriləcək. Müqavilə bağlandıqdan sonra istifadəçi tərəfindən öhdəliklər yerinə yetirilmədikdə, o cümlədən tezlik nominalları üçün mövcud tariflərə uyğun 2 il müddətində ödənişlər tam aparılmadıqda, eləcə də ayrılmış radiotezliklər 3 ay müddətində istifadə edilmədikdə radiotezliklərin ayrılması haqqında qərar ləğv ediləcək.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə “Maddə 362-3. Müvafiq icazə olmadan radioelektron vasitələrin layihələndirilməsi, quraşdırılması və istismar edilməsi” barədə yeni maddə əlavə edilib. Həmçinin mövcud 363-cü maddənin adı dəyişdirilərək “Telekommunikasiya vasitələrindən və qurğularından qanunsuz istifadə edilməsi və onların qanunsuz dövriyyəsi” adlandırılıb, maddənin tərkib hissəsinə müvafiq əlavələr olunub.
İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər
radiotezliklərdən və həmin radiotezliklərə köklənmiş radoelektron
vasitələrindən müvafiq qərar və radioelektron vasitələrinin
istifadəsinə icazə vərəqəsi olmadan istifadə edilməsinin qarşısının
alınmasına, dövlət qeydiyyatından keçməmiş elektromaqnit şüalanma
mənbəyi sayılan radiorabitə vasitələrinin qurulmasına və
istismarına, müvafiq icazə olmadan rabitə şəbəkələrinə qoşulmağa,
radioelektron vasitələrinin və yüksəktezlikli qurğuların
istehsalına, əldə edilməsinə, idxalına, istifadəsi və qeydiyyatı
qaydalarının pozulması hallarının qarşısının alınmasına,
radiorabitə vasitələrinin və yüksəktezlikli qurğuların mövcud qayda
və qanunlara uyğun istismar olunmasına, efir məkanının
təhlükəsiziyinin təmin edilməsinə, qeyri-qanuni fəaliyyət göstərən
subyektlərin inzibati qaydada cəzalandırılmasına və onların belə
əməllərdən çəkinməsinə şərait yaradacaq.
Bu dəyişiklər üzrə müvafiq Qanunların tətbiqi barədə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 04 fevral
2023-cü il tarixdə müvafiq Fərmanlar imzalanıb və Nazirlər Kabineti
tərəfindən lazımi qaydaların hazırlanması barədə tədbirlər
müəyyənləşdirilib.
Sözügedən qanunların tətbiqi, eləcə də beynəlxalq standartlar və
qabaqcıl dünya ölkələrinin təcrübələri nəzərə alınmaqla Fərmanda
hazırlanması nəzərdə tutulan yeni qaydaların tətbiqi nəticəsində
radiotezliklərdən icazəsiz və qeyri-səmərəli istifadə halları
azalacaq, onlardan istifadə üzrə əlçatanlıq və ədalətli bölgü təmin
ediləcək.